İQTİSADİYYAT
SOCAR ilə “ASAN xidmət” və “ABAD xidmət” arasında sənədlər imzalanıb
Bakı, 21 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Oktyabrın 21-də SOCAR ilə “ABAD xidmət” arasında qarşılıqlı əməkdaşlığa xidmət edəcək Anlaşma Memorandumu və “ASAN xidmət”lə təlim-tədris məsələləri, könüllü fəaliyyəti, ətraf mühitin qorunması və təhlükəsizlik, informasiya texnologiyaları, müasir innovativ texnologiyaların tətbiqi, sosial məsuliyyət və digər sahələrdə birgə Əməkdaşlıq Sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov, SOCAR və “ASAN xidmət” rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov SOCAR-“ASAN xidmət” əməkdaşlığından və gələcək perspektivlərindən danışıb. Qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində SOCAR “ASAN xidmət”in tabeliyində yaradılan “ABAD” – Ailə Biznesinə Asan Dəstək mərkəzləri üzrə layihələrin icrası və inkişafında əhəmiyyətli rol oynayacaq.
SOCAR-ın prezidenti R.Abdullayev isə son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışıb, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs edib. Deyib ki, indiyədək ölkənin neft-qaz sektoruna 68,2 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb. SOCAR-ın dövriyyə kapitalı 2007-ci ildən bəri 2 dəfəyə yaxın artıb, aktivlərinin ümumi dəyəri 9 milyard manatdan təqribən 40 milyard manata çatıb.
Bildirib ki, son 7 ildə faiz, vergi və amortizasiyadan əvvəl şirkətin hesablanan illik gəliri 2 dəfə yüksəlib. Ölkənin sosial-iqtisadi yüksəlişində, əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayan Dövlət Neft Şirkəti ilə “ASAN xidmət” mərkəzləri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən SOCAR-ın prezidenti 20 sentyabr–10 oktyabr tarixləri aralığında ölkə ərazisində satışa çıxarılmış SOCAR istiqrazları layihəsinin böyük uğurla nəticələnməsində “ASAN xidmət”in və onun əməksevər kollektivinin mühüm dəstəyindən danışıb. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “ASAN xidmət”in tabeliyində yaradılan “ABAD” publik hüquqi şəxsin rolunu yüksək qiymətləndirib.
SOCAR-ın prezidenti qeyd edib ki, “ABAD” mərkəzləri Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirəcək, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm dəyər qatacaq. SOCAR və “ASAN xidmət” arasında Əməkdaşlıq Sazişinin əhəmiyyətindən danışan R.Abdullayev deyib ki, bu, məhsuldar birgə fəaliyyəti təmin edərək yeni layihələrin icrasına, ümumilikdə isə ölkənin sosial-iqtisadi inkişafının daha da möhkəmlənməsinə xidmət edəcək. Əməkdaşlıq Sazişi başda kadr, təlim-tədris məsələləri olmaqla, bütün uyğun sahələrdə sıx və effektiv işbirliyini nəzərdə tutur.
R.Abdullayev bildirib ki, “ASAN xidmət” olduqca gənc bir qurum olmasına baxmayaraq, göstərdiyi professional, çoxşaxəli və şəffaf xidmətlərlə bu gün dövlətimizin və vətəndaşlarımızın nəzərində haqlı olaraq böyük etibar və təqdir qazanmış mühüm qurumlardan birinə çevrilib.
Sonra SOCAR ilə “ABAD xidmət” arasında Anlaşma Memorandumu və “ASAN xidmət” arasında Əməkdaşlıq Sazişi Rövnəq Abdullayev və İnam Kərimov tərəfindən imzalanıb.
Tədbirdə SOCAR istiqrazlarının təbliğ və təşviqində göstərmiş olduqları yüksək fəallıq və məhsuldar əməkdaşlığa görə “ASAN xidmət”in bir qrup əməkdaşına və könüllülərə SOCAR-ın Fəxri fərmanları və sertifikatlar təqdim edilib.