İQTİSADİYYAT
SOCAR ilə “Lamor” Azərbaycanda neft dağılmalarının qarşısının alınması istiqamətində birgə tədbirlər görəcək
Bakı, 20 oktyabr, AZƏRTAC
SOCAR və Finlandiyanın “Lamor” şirkəti Azərbaycanda neft dağılmalarının qarşısının alınması istiqamətində birgə tədbirlər görəcək.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə oktyabrın 20-də SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin “Lamor” şirkətinin idarə heyətinin üzvü və “Lamor Turkey” şirkətinin baş direktoru Metyu Brayza və şirkətin digər nümayəndələri ilə görüşündə danışılıb.
Görüşün məqsədi SOCAR və “Lamor” şirkəti arasında birgə əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübələrdən yararlanaraq, Azərbaycanda neft dağılmalarının qarşısının alınması və aradan qaldırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi olub.
R.Hüseynzadə SOCAR-ın indiyədək bu sahədə mühüm işlər gördüyünü və neft dağılmalarının qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Həmçinin SOCAR və “Lamor” arasında birgə əməkdaşlıq çərçivəsində gələcəkdə yarana biləcək digər ekoloji məsələlər də müzakirə edilib.