İQTİSADİYYAT


SOCAR ilə “Total” şirkəti arasında çərçivə razılaşması imzalanıb

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

SOCAR və “Total” arasında “Abşeron” layihəsinin işlənmə proqramını tənzimləyən prinsiplər haqqında çərçivə sazişi imzalanıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənəd noyabrın 21-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Bakıda səfərdə olan Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü çərçivəsində imzalanıb.

R.Abdullayev “Total” şirkətinin Azərbaycanda fəaliyyətinin 20 illiyi münasibətilə şirkət rəhbərliyini təbrik edib, onlara gələcəkdə daha böyük uğurlar arzulayıb. O, SOCAR və “Total” arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, hər iki şirkətin birgə iştirak etdiyi neft-qaz layihələrinin regional və beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd edib.

Bu gün dünya neft-qaz sənayesində mühüm mövqeyə malik olan “Total”ın Azərbaycanda fəaliyyət göstərən ilk xarici enerji şirkətlərindən və ölkəmizin neft-qaz sənayesinə sərmayə yatırmış beynəlxalq investorlardan biri olduğu, SOCAR və “Total” arasında uğurlu və işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə davam etdiyi vurğulanıb. “Abşeron” qaz-kondensat yatağında aparılan geoloji-kəşfiyyat və qazma işləri, yatağın texniki-iqtisadi göstəricilərinin qiymətləndirilməsi, hasilatın başlanması üçün işlənmə proqramının hazırlanması bu əməkdaşlığın bariz nümunəsidir.

“Total”ın baş icraçı direktoru Patrik Puyanne Azərbaycanda əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını söyləyib, əməkdaşlığın inkişafı üçün geniş perspektivlər gördüyünü bildirib. O, Azərbaycanda həyata keçirilən layihələrin gedişini diqqətlə izlədiklərini qeyd edib, yeni investisiya imkanlarını araşdırdıqlarını və Azərbaycanda neft-qaz əməliyyatlarına sərmayə qoyuluşunu davam etdirəcəklərini deyib.

Görüşdə “Total” şirkətinin Azərbaycanın digər neft-qaz layihələrində, o cümlədən “Ümid” yatağı və “Babək” perspektiv sahələrinin işlənməsi layihələrində iştirak etmək üzrə öz imkanlarından maksimum istifadə istəyi ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.