İQTİSADİYYAT
SOCAR-ın Batumidəki yanacaqdoldurma stansiyası orijinal dizaynına görə dünyanın ən yaxşı müasir memarlıq obyektləri siyahısına salınmışdır VİDEO
Bakı, 29 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Batumidəki yanacaqdoldurma stansiyası orijinal və futuristik dizaynı ilə dünyanın nüfuzlu nəşrlərinin diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, 2013-cü ildə ABŞ-ın nüfuzlu “The Huffington Post” nəşri bu stansiyanın ərazisində yerləşən “McDonald’s”ı ən kreativ və gözəl “fastfood” obyekti kimi dünyanın ən yaxşı 100 binası siyahısına salmışdır. Bu il nüfuzlu ArchDaily memarlıq şirkəti həmin binanı seçilmiş memarlıq nümunələri sırasına daxil etmişdir.
SOCAR-ın uğurlu layihələrindən biri olan Batumi “McDonald’s”ı fəaliyyətə başladığı gündən populyarlıq qazanmışdır. Şüşə və poladdan qurulmuş üçmərtəbəli konstruksiyanın interyerini asma bağ bəzəyir. Binanın digər hissəsindən isə gözəl hovuz mənzərəsi görünür. Şüşələr binanın günəş işığı ilə dolmasına imkan verir və daxili mühitə təbii çalarlar gətirir. Onlar həm də bayırdakı səs-küyün qarşısını alırlar. Yanacaqdoldurma məntəqəsi (YDM) və restoran bir-birindən həm fiziki, həm də vizual baxımdan tam təcrid olunmuşdur. Belə ki, restoranın müştəriləri YDM-in işini görə bilmirlər. Qeyd etmək lazımdır ki, Batumi “McDonald’s”ı SOCAR-ın dünyanın diqqətini cəlb edən yeganə memarlıq layihəsi deyildir. Tbilisi-Batumi magistralı üzərində yerləşən çoxfunksiyalı avto-launc beynəlxalq səviyyədə populyarlıq qazanmışdır. Burada “Qudvill” marketi və “fastfood” restoranı ilə yanaşı, müştərilərə bir sıra digər komfortlu xidmət növləri də təklif olunur.