İQTİSADİYYAT
SOCAR-ın Etilen-Polietilen zavodu üzrə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi müzakirə edilib
Bakı, 2 iyul, AZƏRTAC
SOCAR-ın Ekologiya İdarəsində “Technip” şirkətinin nümayəndələri ilə keçirilmiş görüşdə idarə tərəfindən “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodundakı “EP-300” qurğusunda yenidənqurma və modernizasiya layihəsi üzrə hazırlanan Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi müzakirə olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində zavodda müasir standartlara cavab verən məhsul istehsalı sahələrinin yaradılması, mövcud istehsalat sahələrinin rekonstruksiyasının həyata keçiriləcəyi diqqətə çatdırılıb. Bildirilib ki, ƏMTQ sənədi hazırlanarkən işçi qrup qurğu ərazisində mövcud ekoloji vəziyyəti öyrənmək üçün çöl tədqiqatları, instrumental ölçmə və analitik tədqiqat işləri aparıb, ətraf mühitin keyfiyyət göstəricilərinin illər üzrə dəyişmə dinamikasının tədqiqi üçün biblioqrafik məlumatlar toplayıblar. Həmçinin potensial təsirləri müəyyənləşdirərək qiymətləndirmək məqsədilə layihələndirilən qurğu və avadanlıqların texniki göstəriciləri analiz edilib.
Mütəxəssislər arasında ƏMTQ sənədində tətbiq olunan ekoloji standartlar, layihə üzrə yerli və beynəlxalq ekoloji standartların tətbiqi imkanları, eləcə də layihələndirilən qurğular üzrə atılmaların limit göstəriciləri barədə ətraflı fikir mübadiləsi aparılıb. “Technip” şirkətinin nümayəndələrinin sualları cavablandırılıb, layihə üzrə belə görüşlərin bundan sonra da keçirilməsi məqsədə uyğun hesab olunub.