İQTİSADİYYAT
SOCAR-ın Petkim yarımadasındakı külək elektrik stansiyasının inşası bu ilin sonunda tamamlanacaq
Bakı, 6 avqust, Nihad Budaqov, AZƏRTAC
SOCAR Petkim yarımadasında enerji istehsalının şaxələndirilməsi çərçivəsində ümumi gücü 51 meqavat olacağı planlaşdırılan və təxminən 55 milyon avro məbləğində investisiya ilə “Petkim” şirkəti tərəfindən inşa edilən külək elektrik stansiyasının tikintisinin bu ilin sonunda tamamlanması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf haqqında” hesabatında məlumat verilir. Bildirilir ki, “SOCAR Power” şirkətinin “Petkim”in ərazisində gələcək on illik planda təxminən 1500 meqavat gücə malik layihəsi var. 300 meqavatlıq “Petkim Kojenerasyon Təsisinin” (Petkojen) birinci mərhələsinin də bu il tamamlanması gözlənilir.
Qeyd edək ki, SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. “SOCAR Turkey Enerji A.Ş.” şirkəti neft emalı, neft–kimya, energetika, logistika və daşıma inteqrasiyasına əsaslanan sahələri dəstəkləyir. Hazırda STEAŞ Türkiyənin ən böyük xarici investorudur. “SOCAR Turkey Enerji A.Ş.”nin “Petkim”də payı isə 58 faizdir.
STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.