CƏMİYYƏT
SOCAR-ın Qaz Anbarlarının İstismarı İdarəsində “mülki müdafiə məşqi” keçirilib
Bakı, 14 noyabr, AZƏRTAC
SOCAR-ın Qaz Anbarlarının İstismarı İdarəsində “mülki müdafiə məşqi” keçirilib.
“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlikdə sağlam və təhlükəsiz əmək şəraitinin təmini və gələcəkdə onun yaxşılaşdırılması məqsədyönlü, planlı surətdə təşkil edilir. Əməyin təhlükəsizliyini təmin etmək üçün istehsal sahələrinin müasir tələblər səviyyəsində yenidən qurulması, işçilərin hazırlıq vəziyyətinin yoxlanılması və təhlükəsizlik tədbirlərin gücləndirilməsi məqsədilə, baş verə biləcək qəzaların ləğvi üzrə struktur təşkilatların potensial təhlükəli obyektlərində dövlət orqanlarının iştirakı ilə mütəmadi olaraq təlim-məşqlər həyata keçirilir. Bu təlimlərdə işçilərin təxliyə edilməsi üzrə təlimlər planlı şəkildə təşkil olunur.
Birliyin bu il üçün mülki müdafiə üzrə tədbirlər planı çərçivəsində “Azneft”in strukturuna daxil olan Qaz Anbarlarının İstismarı İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında mülki müdafiə orqan və qüvvələrinin idarə olunması” mövzusunda “mülki müdafiə məşqi” keçirilib.
Tədbirdə “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, onun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov, eyni zamanda, birliyin müvafiq şöbəsinin nümayəndələri, eləcə də Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iştirak ediblər. Məşqə aidiyyəti heyət, fövqəladə hallar komissiyası, ilkin qəza-xilasetmə qüvvələri, eləcə də Qaradağ Rayon Yanğından mühafizə hissəsinin və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qüvvələri cəlb edilib. Məşqin keçirilməsində əsas məqsəd, baş verə biləcək istehsalat qəzaları və digər fövqəladə hadisələr zamanı işçilərin mühafizəsinin təmin edilməsi, ilkin qəza-xilasetmə qüvvələrinin hadisələrin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinin və cəlb edilən rayon qüvvələri arasında qarşılıqlı fəaliyyətinin, eləcə də rəhbərlik tərəfindən idarəetmənin təşkilinin yoxlanılması olub.
Fövqəladə hadisələr zamanı verilən məlumatlar əsasında işçilərin təhlükəli ərazidən təxliyə olunması, qəza yerində kəşfiyyatın təşkili, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də baş vermiş yanğının söndürülməsi zamanı obyekt qüvvələri ilə FHN Yanğından Mühafizə Hissəsinin qüvvələri arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədə təşkil edilib.
Sonda aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tövsiyə və tapşırıqlar verilib.