İQTİSADİYYAT
SOCAR-ın “Qaz İxrac” idarəsində ISO 9001 Beynəlxalq standartı üzrə maarifləndirmə kursu təşkil olunub
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsində şirkətin təlim, tədris və sertifikatlaşdırma idarəsinin nümayəndəsinin iştirakı ilə ISO 9001 Beynəlxalq standartı üzrə maarifləndirmə kursu keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, üç gün davam etmiş kursun nəticələri müsbət qiymətləndirilib. Kurs iştirakçılarının yüksək fəallıq göstərməsi müəssisədə beynəlxalq standartların tətbiqinə olan böyük marağı göstərib. İştirakçıların təlimə sual-cavab formasında yanaşmaları, onları maraqlandıran məsələlərdən, iş zamanı üzləşdikləri çətinliklərdən söz açmaları kursun daha effektli alınmasına zəmin yaradıb. Kurslarının başa çatması ərəfəsində iştirakçılar arasında rəy sorğusu keçirilib. Sorğunun nəticələrinə əsasən, idarədə gələcəkdə də maarifləndirmə kurslarının keçirilməsi nəzərdə tutulub.
İdarədə beynəlxalq standartların tətbiqi ilə əlaqədar işçi heyətin maarifləndirilməsinə xüsusi önəm verilir. İşçiləri maarifləndirmək, onların biliklərini artırmaq, beynəlxalq standartların müəssisədə effektli tətbiqinə nail olmaq istiqamətində bütün potensial imkanlardan istifadə olunur. Maarifləndirmə kurslarına magistral qaz kəmərləri sahələrinin və idarə aparatının işçiləri cəlb olunublar. ISO 9001, ISO 14001, OHSAS 18001 Beynəlxalq standartların tətbiqində müəssisədə hər bir struktur bölmə üzrə cavabdeh şəxslər təyin edilib. Həmin şəxslərin gələcəkdə hər üç standart üzrə sertifikatlaşdırılması qarşıya məqsəd qoyulub.