REGİONLAR
SOCAR-ın Sumqayıt təlim, tədris mərkəzinə qəbul üçün test imtahanı keçirilib
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təlim-tədris və sertifikatlaşdırma idarəsinin Sumqayıt təlim, tədris mərkəzinə şagird qəbulu üzrə növbəti test imtahanları keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə imtahan komissiyasının üzvləri tərəfindən qaydalar barədə məlumat verilib. Bildirilib ki, təlim mərkəzinə “Aparatçı”, “Avtomatik idarəetmə sistemi üzrə operator”, “Elektrik qaz qaynaqçısı”, “Qablaşdırma üzrə operator”, “Qazla kəsən” peşə ixtisasları üzrə 68 şagird qəbul olunacaq. Bu il Sumqayıt təlim, tədris mərkəzinə 89 nəfəri qız olmaqla ümumilikdə 437 nəfər, o cümlədən avtomatik idarəetmə sistemi üzrə operator ixtisasına hər yer üçün 13 nəfər, elektrik qaynaqçısı, qablaşdırma üzrə operator, aparatçı ixtisaslarına isə 6-8 nəfər müraciət edib.
İki saat davam edən imtahanda iştirakçılar riyaziyyat, kimya, fizika, milli dövlətçilik və məntiqi təfəkkürün yoxlanılması üzrə 70 test sualını cavablandırıblar. Test imtahanında 245 nəfər iştirak edib, 1 nəfər qaydalara riayət etmədiyi üçün imtahandan xaric olunub. İmtahanın nəticələri www.socar.az saytında yerləşdiriləcək.
İmtahandan müvəffəqiyyətlə keçən şagirdlər mərkəzdə seçdikləri ixtisaslar üzrə təhsil alacaqları bir tədris ili ərzində aylıq təqaüd, xüsusi geyim və gündəlik naharla təmin olunacaqlar.