İQTİSADİYYAT
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində beynəlxalq standart üzrə növbəti nəzarət auditi keçirilib
Bakı, 20 iyul, AZƏRTAC
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) qaynaqçıların hazırlanması, sertifikatlaşdırılması və attestasiyasını TS EN ISO / IEC 17024 “Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” və TS EN ISO 9606-1 “Qaynaqçı bacarıq sınağı” beynəlxalq standartlarının tələblərinə uyğun olaraq həyata keçirir.
SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, iyulun 19-20-də Türk Akkreditasiya Təşkilatının nümayəndələri tərəfindən TTSİ-də növbəti auditin keçirilməsi ilə bağlı müvafiq mütəxəssislərin iştirakı ilə toplantı olub.
TTSİ-nin rəisi Fuad Süleymanov auditorların nəzərinə çatdırıb ki, idarə qaynaq texnologiyalarını beynəlxalq standartların tələblərinə uyğun şəkildə tətbiq edir, kollektiv və fərdi müraciətlərə əsasən TS EN ISO / IEC 17024 “Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” və TS EN ISO 9606-1 “Qaynaqçı bacarıq sınağı” beynəlxalq standartlarının tələb və şərtlərinə uyğun olaraq müxtəlif qaynaq metodları üzrə qaynaqçı personalı üçün nəzəri və praktiki sınaqlar keçirir. Bu sınaqlardan müvəffəqiyyətlə çıxan qaynaqçılara “SOCAR” və ya beynəlxalq “TÜRKAK” loqolu sertifikatlar təqdim olunur. Baş auditor, Türk Akkreditasiya Təşkilatının nümayəndəsi Seher Batur və TURKAK-ın texniki mütəxəssisi Özlem Karamanın iştirak etdikləri toplantıda auditin keçirilmə proseduru haqda məlumat verilib.
İki günlük audit zamanı TTSİ-nin müvafiq fəaliyyət sahələri yoxlanılıb, auditorlar görülən işləri müsbət qiymətləndirib və akkreditasiya müddətinin davamına qərar verilib.