İQTİSADİYYAT


SOCAR-ın Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib

A+ A

Bakı, 23 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Sentyabrın 23-də SOCAR-ın Bakının Qaradağ rayonu ərazisində inşa edilən Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, eləcə də SOCAR rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Mərkəzə baxış keçirilib, burada yaradılan iş şəraiti və quraşdırılan yeni müasir avadanlıqlar haqqında məlumat verilib. Bildirilib ki, SOCAR-ın Tullantıların İdarəedilməsi Mərkəzi BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regional şirkəti ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlib və bütünlüklə region üçün strateji əhəmiyyətə malikdir. Mərkəzin ümumi sahəsi 40 hektar ərazini əhatə edir və bu ərazinin 100 hektara qədər artırılması potensialı mövcuddur. Mərkəzdə qazma şlamını emal etmək məqsədilə Almaniyanın "Ekon" şirkətinin istehsalı olan 2 ədəd "Vaku Dray" qurğusu quraşdırılıb.

Qeyd edilib ki, unikallığı ilə seçilən qurğuda qazma zamanı istifadə olunan qazma məhlulu emal zamanı yenidən istifadəyə tam yararlı şəkildə bərpa olunur. Mərkəzin istehsalat gücü illik 100 min tondur. Bundan başqa, mərkəzdə 26 növ digər tullantının utilizasiyası da nəzərdə tutulub.

SOCAR-ın prezidenti R.Abdullayev mərkəzin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, yaradılan şəraitdən məmnun qaldığını söyləyib. Bildirib ki, mərkəz Azərbaycan, eləcə də bütünlükdə region üçün mühüm əhəmiyyət daşıyır və neft sənayesi sahəsində qazma zamanı əmələ gələn şlamın regionda dünya standartlarına uyğun emal olunmasını həyata keçirən ilk və yeganə bu tipli müəssisədir.

R.Abdullayev burada 100 nəfərlik yeni iş yerinin açılmasını da vurğulayıb. SOCAR-ın prezidenti neft-qaz sənayesinin inkişafı üçün yeni qurğu və obyektlərin tikilib istismara verilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.