İQTİSADİYYAT
SOCAR-ın Tullantıların idarə edilməsi Mərkəzində iki qurğunun quraşdırılması işləri başa çatıb
Bakı, 2 avqust, AZƏRTAC
SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların idarə edilməsi Mərkəzində qazma şlamının emalı üçün nəzərdə tutulmuş 2 ədəd “VacuDry” qurğusunun quraşdırılması işləri başa çatdırılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Təlim, Tədris və Sertifikatlaşdırma İradəsinin təşəbbüsü ilə “Ekon” şirkətinin sahə üzrə rəhbəri Jürqen Savatzki və digər mütəxəssislər tərəfindən qurğularda çalışacaq işçi personal üçün “VacuDry” qurğularının istismar edilməsi” üzrə nəzəri və praktiki təlimlərin keçirilməsinə başlanılıb. Kursda dinləyicilərə 8 modul üzrə təlimlər keçiriləcək, “VacuDry” texnologiyasının əsasları, qurğunun kabellənməsi, elektrik quraşdırılması işinə nəzarət, qurğuya texniki xidmət məsələləri, habelə buxarlanma, rondensasiya, soyutma, sıxılmış hava-azot qurğuları və sair mövzular tədris olunacaq. Təlimin sonunda keçiriləcək nəzəri və praktiki imtahanı müvəffəqiyyətlə verən dinləyicilərə sertifikatlar təqdim ediləcək.