İQTİSADİYYAT
SOCAR-ın Xarici Təqaüd Proqramı üzrə 27 tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir
Bakı, 21 dekabr, AZƏRTAC
SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində dünyanın qabaqcıl universitetlərində neft, mexanika, geologiya mühəndisliyi və enerji sənayesinin idarə edilməsi ixtisasları üzrə magistr təhsilini başa vurmuş 4 nəfər məzunun hesabat xarakterli təqdimatları dinlənilib. Həmçinin, 2017-2018-ci tədris ili üzrə maliyyələşdirilməsi nəzərdə tutulan ixtisaslar və onlar üzrə kvotanın müəyyən edilməsi məsələsi müzakirə olunub.
Komissiya üzvləri qarşısında hesabatla çıxış edən məzunlar xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri barədə ətraflı məlumat veriblər. Hesabatlar dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yerləri təklif edilib.
Hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 27 nəfər tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 209 nəfər təhsilini başa vuraraq geri qayıdıb və SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunublar.