İQTİSADİYYAT
SOCAR-ın “Xəzər Neft və Qaz-2017” sərgisindəki stendi “Ən orijinal stend” sertifikatına layiq görülüb
Bakı, 5 iyun, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisində SOCAR-ın stendi dolğunluğuna və gözəl tərtibatına görə təşkilatçılar tərəfindən “Ən orijinal stend” sertifikatı və diplomla mükafatlandırılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Energetika Nazirliyinin və SOCAR-ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə ABŞ, Yaponiya, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Belarus daxil olmaqla dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edib. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alıb.
Hər il olduğu kimi bu il də SOCAR-ın stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Burada SOCAR-ın axtarış-kəşfiyyat, qazma, hasilat, emal sahələrində nailiyyətləri, tikilməkdə olan Karbamid və Polimer zavodları, Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) həyata keçirilən yenidənqurma işləri, perspektiv yataqlar barədə məlumatlar yer alıb. SOCAR-ın elm, təhsil, kadr hazırlığı sahəsində, ekologiya və sosial layihələrdə gördüyü respublika əhəmiyyətli işləri və nailiyyətləri də diqqət mərkəzində idi.
Sərgi günlərində stenddə SOCAR-ın ölkə daxilində və beynəlxalq layihələrdə iştirakı və rolu barədə ətraflı məlumat verilib, jurnal-bülletenlər, reklam xarakterli suvenirlər paylanıb, xarici və yerli ziyarətçilərin, müxtəlif şirkət nümayəndələrinin əməkdaşlıq təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.