İQTİSADİYYAT
SOCAR-ın daha 4 gənc mütəxəssisi INPEX şirkətinin təlimlərində iştirak edəcək
Bakı, 10 iyul, AZƏRTAC
Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında SOCAR-ın gənc mühəndisləri üçün Tokio şəhərində həyata keçirilən təlim proqramlarına və INPEX şirkəti ilə əməkdaşlığa dair tədbir keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə SOCAR-ın vitse-prezidentləri Xalik Məmmədov, Bəhram Hüseynov və Yaşar Lətifov, INPEX şirkətinin vitse-prezidenti Akihiko Kuraşina, eləcə də bu proqramlara cəlb olunmuş gənc mütəxəssislər iştirak ediblər.
Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori qonaqları səmimi salamlayaraq, Yaponiya və Azərbaycan əlaqələrinin daha da güclənməsində belə görüşlərin əhəmiyyətini vurğulayıb. SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov 2016-cı ilin aprel-iyun aylarında Tokio şəhərində SOCAR-ın gənc mütəxəssisləri üçün layların işlənməsi ilə bağlı təşkil edilmiş texniki təlim proqramı haqqında danışıb, kursların keçirilməsinə dəstək olmuş INPEX şirkətinə təşəkkürünü bildirib. Bildirilib ki, təlim müddətində Yaponiyanın zəngin mədəni irsi nümayiş etdirilib, maraqlı ekskursiyalar təşkil olunub. Qeyd olunub ki, 2017-ci ilin avqust-oktyabr aylarında da SOCAR-ın daha 4 gənc mütəxəssisi üçün bu cür təlimlərin təşkili nəzərdə tutulur.
Tədbirdə SOCAR-ın vitse-prezidentləri Xalik Məmmədov və Yaşar Lətifov, INPEX şirkətinin vitse-prezidenti Akihiko Kuraşina iki şirkət arasında yaranmış əlaqələrdən, həyata keçirilən bilik mübadiləsindən məmnunluq ifadə edib, əməkdaşlığın davamlı olacağına inandıqlarını bildiriblər.
Sonda xatirə şəkilləri çəkilib.