CƏMİYYƏT
SOCAR-ın dəstəyi ilə “Əcnəbilər üçün Azərbaycan dili” dərsliyi çapdan çıxıb
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” (ABTM) İctimai Birliyinin dəstəyi ilə çapdan çıxan “Əcnəbilər üçün Azərbaycan dili” dərsliyinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitab məşğələlərin vasitəçi dildən istifadə etmədən, öyrənilən dildə kommunikativ yanaşma üsulu ilə keçirilməsinə imkan yaradır.
Təqdimat mərasimində dərsliyin müəllifləri, ABTM-in və “Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, dünyanın müxtəlif şəhərlərində açılan Azərbaycan mədəniyyəti mərkəzlərində belə fundamental dərsliklərə böyük ehtiyac vardır. SOCAR bu ehtiyacı nəzərə alaraq, digər sosial-mədəni sahələrdə olduğu kimi, ana dilimizin təbliği və yayılması işinə töhfə verib.
Kitabın həmmüəllifi, Bakı Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova layihənin ərsəyə gəlməsi üçün göstərdiyi diqqət və dəstəyə görə SOCAR və ABTM rəhbərliyinə təşəkkürünü bildirib. O, Azərbaycanda ilk dəfə kommunikativ yanaşma üsulu ilə nəşr olunan dərsliyin təkcə dilimizin öyrənilməsi üçün deyil, Azərbaycan mədəniyyəti ilə ətraflı tanışlıq üçün də geniş imkan yaratdığını vurğulayıb.
“Dərbənd” xeyriyyə İctimai Birliyin sədri, ehtiyatda olan 1-ci dərəcəli kapitan, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, tarix elmləri doktoru Nurulla Əliyev rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verib. N.Əliyev Dərbənddə yığcam yaşayan azərbaycanlıların doğma dilimizin öyrənilməsi və təkmilləşdirilməsi üçün ABTM tərəfindən əvəzsiz olaraq, ayrılan dərslikləri məmnunluqla qəbul edərək, onların yaxın günlərdə Dərbənd Mərkəzi Kitabxanasına çatdırılacağını bildirib.