İQTİSADİYYAT
SOCAR-ın idarə və müəssisələrində Neftçilər gününə həsr olunan silsilə tədbirlər keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
“Əsrin müqaviləsi”nin imzalanmasının 22-ci ildönümü və Neftçilər günü münasibətilə SOCAR-ın “Azneft” İstehsalat Birliyində, “Neftqaztikinti” Trestində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ), Qaz Emalı Zavodunda, Neft Kəmərləri İdarəsində, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində tədbirlər keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Neftçilər günü” ilə əlaqədar keçirilən tədbirdə zavodun direktor əvəzi Əliağa Səfərov kollektivi əlamətdar gün münasibətilə təbrik edib, “Əsrin müqaviləsi” çərçivəsində neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb.
“Əsrin müqaviləsi”nin icrasında Bakı Dərin Özüllər Zavodunun rolundan danışan Ə.Səfərov bildirib ki, zavodda tikilən özüllər ölkəmizin enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynayır. O, zavoddakı istehsalat sahələrinin “Bosshelf” MMC-yə icarəyə verilməsindən sonra müəssisənin artan istehsal potensialından geniş söz açıb.
Vurğulanıb ki, bu il “Cənub Qaz Dəhlizi”nin icrası istiqamətində “Şahdəniz-2” layihəsi çərçivəsində quraşdırılacaq iki platformadan birinin dayaq blokunun inşası uğurla başa çatdırılıb və Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınıb.
Tədbirdə SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan və sutkada 1500 kubmetr su təmizləmə gücünə malik “BİOMAS-P” tipli qurğunun istismara verilməsini ilin ən yaddaqalan hadisələrindən biri kimi dəyərləndirilib. Qeyd olunub ki, Heydər Əliyev adına BDÖZ-ün kollektivi respublikamızın iqtisadi cəhətdən qüdrətlənməsi, neft strategiyasının daha böyük qələbələr qazanması naminə həmişə olduğu kimi bundan sonra da əzmlə çalışacaq, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklər.
Qaz Emalı Zavodunda da Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Müəssisə rəhbərliyi və kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin zavodun qarşısında ucalan büstü və Qarabağ uğrunda şəhid olan neftçilərin abidəsi önünə gül dəstələri qoyub, onların əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasının ölkəmizə qazandırdığı uğurlardan söz açılıb, bu nailiyyətlərdə Qaz Emalı Zavodunun rolu vurğulanıb.
Sonra bir qrup qabaqcıl emalçıya, eləcə də Neftçilər günü münasibətilə keçirilmiş idman yarışlarında qalib gələnlərə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) Neftçilər gününə həsr olunan tədbirdə TTSİ-nin nəzdində olan peşə-təlim mərkəzlərinin nümayəndələri iştirak ediblər. İdarənin rəisi Fuad Süleymanov çoxminli neftçilər ordusunu bu əlamətdar gün münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış sənədi Azərbaycan tarixinin şanlı səhifəsi adlandırıb. O, TTSİ-nin fəaliyyətindən, görülən işlər və qazanılan uğurlardan danışıb, bu nailiyyətlərdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonda səmərəli və nümunəvi əmək fəaliyyətinə görə bir qrup işçiyə Fəxri fərmanlar, eləcə də Neftçilər günü ilə əlaqədar keçirilmiş idman yarışlarının qaliblərinə diplom və hədiyyələr təqdim edilib.