CƏMİYYƏT
SOCAR-ın idarə və müəssisələrində Ümumdünya Əməyin Mühafizəsi günü qeyd edilib
Bakı, 29 aprel, AZƏRTAC
SOCAR-ın idarə və müəssisələrində Ümumdünya Əməyin Mühafizəsi günü qeyd edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən tədbirlərdə bu günün əhəmiyyətindən bəhs edilib, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, habelə işçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etməsi ilə bağlı müvafiq təlimatlandırma işləri aparılıb.
“Azneft” İstehsalat Birliyində “İş yerində stress: kollektiv çağırış” mövzusunda keçirilən tədbirdə əvvəlcə, ötən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov Ümumdünya Əməyin Mühafizəsi gününün bu il “İş yerində stress: kollektiv çağırış” devizi altında təşkil olunduğunu diqqətə çatdırıb, iş yerində stress yaradan amillərdən və bununla bağlı təşkilatlarda aparılmış araşdırmaların nəticələrindən, stresin insan orqanizminə törətdiyi fəsadlardan danışıb, onun iş məhsuldarlığını aşağı saldığını vurğulayıb. Mövzu ətrafında çıxış edən natiqlər stresin idarə olunması, streslə mübarizənin yolları haqqında geniş müzakirə aparıblar.
“Azəriqaz” İstehsalat Birliyindəki yığıncaqda birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev bildirib ki, əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş mühitinin yaradılması, maarifləndirmə və təlimatlandırma tədbirləri, sağlamlığın qorunması məqsədilə işçilərin tibbi sığorta edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtaşırı olaraq iş yerlərinin attestasiya olunması, həmçinin əmək qanunvericiliyində nəzərdə tutulmuş digər tələblərə layiqincə əməl edilməsi əməyin mühafizəsi sahəsində birlik tərəfindən həyata keçirilən genişmiqyaslı işlərdəndir. Çıxış edənlər istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, qabaqcıl iş təcrübələrinin tətbiqinin zəruriliyini vurğulayıblar. Sonda əməyin mühafizəsi sahəsində yüksək nailiyyətlər qazanaraq fərqlənmiş işçilərə mükafat və Fəxri fərmanlar verilib.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda keçirilən tədbirdə zavodun direktor müavini Əliağa Səfərov bildirib ki, son illər əməyin mühafizəsinin təkmilləşdirilməsi məqsədilə bir sıra vacib addımlar atılıb. Qeyd edilib ki, dünyada artan iqtisadi çətinliklər fonunda insanlar bəzi hallarda stress halında əmək fəaliyyəti ilə məşğul olurlar və bu da istehsalatda müxtəlif qəzalara, əmək qabiliyyətinin azalmasına səbəb olur. Qeyd olunub ki, hazırlanmış daxili əmrə əsasən, Ümumdünya Əməyin Mühafizəsi gününün qeyd edilməsi məqsədilə zavod işçiləri arasında geniş maarifləndirmə işləri aparılıb, xidmət sahələrində müxtəlif tədbirlər təşkil edilib. Mürəkkəb vəziyyətlərdə işçilərin davranış qabiliyyətini inkişaf etdirmək üçün stresin idarə olunması ilə bağlı təlimlər təşkil edildiyi və işçilərə dəstək proqramlarının icra olunduğu bildirilib. Vurğulanıb ki, zavodun bütün xidmət sahələrində hər bir işçi üçün təhlükəsiz və ekoloji cəhətdən sağlam iş şəraiti yaradılıb, əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə öyrənilib və tətbiq edilib.
Çıxışlarda qeyd olunub ki, zavodun bütün işçi personalı “Paşa Sığorta” ASC ilə bağlanılmış müqaviləyə əsasən Könüllü Tibbi Sığorta və “Paşa Həyat Sığorta” ASC ilə bağlanmış müqaviləyə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” olunub.