QAN YADDAŞI
SOCAR-ın idarə və müəssisələrində Xocalı faciəsinin qurbanları yad edilib
Bakı, 25 fevral, AZƏRTAC
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar SOCAR-ın idarə və müəssisələrində silsilə tədbirlər keçirilir, soyqırımı qurbanları böyük ehtiramla yad edilir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində Xocalı soyqırımının 25 illiyinə həsr olunan anım mərasimində birliyin idarəetmə aparatı, Etilen-polietilen zavodu, təmir-tikinti idarəsi və Karbamid zavodu əməkdaşları iştirak edib, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində tədbir iştirakçılarına 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri soyqırımı haqqında geniş məlumat verilib. Natiqlər vurğulayıblar ki, 1994-cü il martın 1-də ulu öndər Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar Fərman imzalayıb, Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan edilib. Ümummilli lider Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır, bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” fikri Azərbaycan dövlətinin və xalqımızın bu dəhşətli faciəyə münasibətinin dəqiq ifadəsidir.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlər nəticəsində dünyanın bir sıra ölkəsində soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bu hərbi cinayət beynəlxalq miqyasda hələ ki, öz hüquqi qiymətini almayıb.
Anım mərasimində Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində (QRTM) Xocalı soyqırımı qurbanlarına həsr olunan anım mərasimində QRTM-nin müdiri Nəzakət Məmmədova bu faciənin həqiqətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə slaydlar nümayiş etdirilib, qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı erməni təcavüzkarlarından azad etməyə, Ali Baş Komandanın əmri ilə Lələtəpə kimi digər zirvələri də fəth etməyə hər an hazırdır.
Tədbirin sonunda QRTM-nin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş şerlər səsləndirilib.