CƏMİYYƏT


SOCAR-ın idarə və müəssisələrində təcrübə keçmiş ASAN könüllülərinə sertifikatlar təqdim olunub

Bakı, 23 may, AZƏRTAC 

Mayın 23-də SOCAR-ın baş ofisində ASAN Könüllülük Məktəbinin “Master-2” layihəsi çərçivəsində şirkətin idarə və müəssisələrində təcrübə keçmiş 12 ASAN könüllüsünə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, şirkət nümayəndələri və ASAN könüllüləri iştirak ediblər.

Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov gəncləri təbrik edərək bildirib ki, SOCAR hər zaman gənclərə dəstək olub və uzun illərdir ki, gənclərlə bağlı layihə və proqramlar həyata keçirir. SOCAR-ın Daxili Təqaüd Proqramı, Xaricdə təhsil Proqramı, Ödənişli yay təcrübəsi proqramı, Yay məktəbi layihələri minlərlə gəncin inkişafına töhfə verib.

X.Məmmədov qeyd edib ki, 2016-cı ildə SOCAR “ASAN xidmət”lə Əməkdaşlıq Sazişi imzalamaqla “ASAN school” könüllülük proqramı tərəfdaşları sırasına daxil olub. 2016-cı ildə təşkil olunan 1-ci layihədə müsabiqədən keçmiş 12 gənc könüllü keçən il dekabrın 12-dən bu il martın 12-dək SOCAR-ın 6 struktur bölməsində (“Azneft” İB, H.Əliyev adına Neft Emalı Zavodu, İTRİ, İnsan Resursları Departamenti, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi, Ekologiya İdarəsi) təcrübəyə cəlb olunublar. 2017-ci ildə də eyni adlı layihə üzrə “Master-2” proqramı çərçivəsində müsabiqə elan edilib və 24 nəfərinin mayın 1-dən SOCAR-ın 9 strukturunda təcrübə keçməsi məqsədəuyğun hesab edilib. O, ASAN könüllülərini SOCAR-da təcrübələrini başa çatdırmaları münasibətilə təbrik edib, gələcək karyeralarında onlara uğurlar arzulayıb.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə gəncləri təbrik edərək onların könüllülük fəaliyyətinə həvəs göstərmələrinin təqdirəlayiq olduğunu bildirib, gənclərin 3 ay ərzində SOCAR-ın təcrübəli mütəxəssisləri ilə birbaşa çalışmalarını, şirkətin həyata keçirdiyi layihələrin icrasında iştirak etmələrini və təcrübə toplamalarını müsbət qiymətləndirib.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev qeyd edib ki, fəaliyyətə başladığı gündən 11500 gənc ASAN könüllüsü olmuşdur. “ASAN school” könüllülük proqramı çərçivəsində isə indiyədək 30-dan çox dövlət və qeyri-dövlət təşkilatında 1500-dən çox könüllü təcrübə toplayaraq məzun olmuşdur. Bildirilib ki, hazırda ASAN könüllülərinin Xoşbəxt Yusifzadənin adını daşıyan qrupu fəaliyyətə başlayıb. Qrup üzvləri mütəmadi olaraq X.Yusifzadənin əmək fəaliyyəti və həyatı haqqında təqdimatlarla çıxış edəcəklər.

Tədbirdə çıxış edən könüllülər onlara yaradılmış şəraitə görə SOCAR və “ASAN xidmət” rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Daha sonra könüllülərə sertifikatlar təqdim edilib. Tədbirə ASAN könüllülərindən ibarət muğam triosunun çıxışı ilə yekun vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.