İQTİSADİYYAT
SOCAR-ın insan resursları departamentində işçilərin qəbulu ilə bağlı test imtahanı keçirilib
Bakı, 22 may, AZƏRTAC
Mayın 20-dən 22-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) insan resursları departamentinin imtahan zalında “Azəriqaz” İstehsalat Birliyinin Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismar sahələri əməkdaşlarının test imtahanlarında iştirakı təmin edilib, onların sahə üzrə ixtisas bilikləri yoxlanılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, test imtahanı prosesi xüsusi proqram təminatı vasitəsilə aparılıb və 341 iştirakçının hər birinə cavablandırmaq üçün 3E, AGİS bazası, ROC veb proqramı, təbii qazın balansı və satışı, əməyin mühafizəsi və təhlükəsizliyi üzrə ümumilikdə 40 test tapşırığı təqdim edilib. Test tapşırıqlarının cavablandırılmasına 60 dəqiqə vaxt verilib. İmtahan bitdikdən dərhal sonra imtahan iştirakçılarının nəticələri xüsusi proqram təminatı vasitəsilə avtomatik olaraq yalnız onların işlədiyi kompyuterin monitorunda əks olunub.
Obyektivliyi, şəffaflığı və aşkarlığı təmin etmək məqsədilə test imtahanları müşahidə kameralarının nəzarəti altında aparılır və bütün imtahanların gedişi insan resursları departamentinin girişində quraşdırılan monitor vasitəsilə canlı nümayiş etdirilir.
Dövlət Neft Şirkətinin təşkilati idarəetmə strukturunun təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə mexanizminin optimallaşdırılması məqsədilə insan resursları departamenti tərəfindən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla şirkət üzrə müxtəlif təyinatlı test imtahanlarının keçirilməsi istiqamətində nəzərdə tutulmuş işlər mütəmadi davam etdirilir. SOCAR-ın digər qurumlarında olduğu kimi, “Azəriqaz” İstehsalat Birliyində də islahatlar aparılır və birlikdə yeni yaradılacaq struktur bölmənin daxili işçilərlə yenidən komplektləşdirilməsi işləri həyata keçirilir.