CƏMİYYƏT
SOCAR-ın kadr hazırlığının təşkili mərkəzində ümumdünya əməyin mühafizəsi günü qeyd edilib
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təlim, tədris və sertifikatlaşdırma idarəsinin kadr hazırlığının təşkili mərkəzində “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü” ilə əlaqədar tədbir keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Əməyin mühafizəsi profilaktikası mədəniyyətini birgə yüksəldək” devizi altında keçirilən tədbirdə Ümumdünya əməyin mühafizəsi günü ilə əlaqədar vacib məsələlərə toxunulub, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əməyin mühafizəsi” bölməsinə edilmiş əlavə və dəyişikliklər, bu sahənin tənzimlənməsində mühüm rol oynayan normativ hüquqi sənədlər, işçilərin əməyinin mühafizəsi, sağlamlığının qorunması, iş yerlərində təhlükəsizliyin təminatı və sair problemlərin həlli ilə bağlı həyata keçirilən tədbirlər, əldə edilən nailiyyətlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
İdarənin nəzəri tədris mütəxəssisləri Vaqif Əfəndiyev və Natiq Cavadov çıxış edərək təlim, tədris və sertifikatlaşdırma idarəsi tərəfindən əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, indiyə qədər bu sahədə 20-dən artıq kurs təşkil edilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.