İQTİSADİYYAT
SOCAR-ın prezidenti şirkətin Türkiyədə həyata keçirdiyi layihələrin icrası ilə maraqlanıb
Bakı, 25 avqust, AZƏRTAC
SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin Türkiyədə həyata keçirdiyi layihələrin icrası ilə maraqlanıb.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri avqustun 23-24-də Türkiyədə səfərdə olub.
Səfər çərçivəsində R.Abdullayev Ankarada Trans-Anadolu qaz boru kəməri (TANAP) konsorsiumunun İdarə Heyətinin iclasında iştirak edib. İclasda layihə üzrə 2016-cı ilin birinci yarısında həyata keçirilən işlərin yekunu və qarşıda duran vəzifələr müzakirə olunub. İşlərin gedişi haqqında məlumat dinlənilib. Bildirilib ki, kəmərin inşası ilə əlaqədar fəaliyyət planauyğun surətdə davam etdirilir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla da görüşüb. O, şirkətin Türkiyədə həyata keçirdiyi layihələr üzrə görülən işlərin hazırkı vəziyyəti haqqında məlumat verib, qarşıdakı mərhələlərdə planlaşdırılan tədbirlərdən danışıb.
SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, xüsusilə TANAP, “Star” neft emalı zavodu (NEZ), “Petkim” və “Petlim” layihələri çərçivəsində inşaat işlərinin gedişindən məmnunluğunu bildirən nazir bu layihələrin Türkiyə və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
B.Albayrak SOCAR-ın Türkiyədə ən önəmli investorlardan biri olduğunu deyib, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən dəstəkləndiyini və bundan sonra da dəstəklənəcəyini söyləyib.
SOCAR-ın prezidenti avqustun 24-də İzmirə səfər edib, şirkətin əsas layihələrinin həyata keçirildiyi Əliağa yarımadasında olub. Əvvəlcə “Star” neft emalı zavoduna baş çəkən R.Abdullayev inşaat sahələrini gəzib, görülən işlərlə yerində tanış olub.
R.Abdullayevə məlumat verilib ki, zavodun tikintisi qrafikə uyğun aparılır. Daha sonra “Petkim”in istehsalat sahələrində və “Petlim”də olan R.Abdullayev işlərin gedişi ilə maraqlanıb. Ona məruzə olunub ki, işlər normal ahəngi ilə davam edir. SOCAR-ın prezidenti “Star” NEZ, “Petkim” və “Petlim”də tikinti və istismar işlərinin gedişindən razılığını bildirib, konkret məsələlərlə bağlı menecer heyətinə tapşırıqlar verib.