İQTİSADİYYAT


SOCAR-ın rəhbərliyi Dünya İqtisadi Forumunda beynəlxalq enerji və maliyyə şirkətləri ilə müzakirələr aparıb

Bakı, 21 yanvar, AZƏRTAC

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidenti Elşad Nəsirov Azərbaycan nümayəndə heyətinin tərkibində Davosda keçirilən Dünya İqtisadi Forumunda beynəlxalq enerji və maliyyə şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın rəhbərliyi forum çərçivəsində “dəyirmi masa” müzakirələrinə qatılıb, ikitərəfli görüşlər keçirib, digər tədbirlərdə də təmsil olunub. SOCAR-ın prezidenti R.Abdullayev BP-nin baş icraçı direktoru Robert Dadlinin vasitəçiliyi ilə böyük neft və qaz şirkətlərinin rəhbərləri üçün təşkil olunmuş işgüzar nahar müzakirəsində fəal iştirak edib.

SOCAR-ın rəhbərliyi “Saudi Aramco” neft şirkətinin prezidenti Əmin Nasir və vitse-prezidenti Əbdüləziz Əl-Cüdəymi ilə görüş keçirib, müxtəlif ölkə və layihələr çərçivəsində şirkətlər arasında əməkdaşlıq imkanlarını müzakirə edib, dünyada neftin qiymətinin optimallaşdırılmasına yönələn OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı çərçivəsində gələcək müştərək tədbirlərin çərçivələri barədə razılıq əldə ediblər.

R.Abdullayev və E.Nəsirov “Əl-Dabbağ” şirkətlər qrupunun icraçı direktoru, Səudiyyə Ərəbistanı Krallığının sabiq kənd təsərrüfatı naziri Əmr Abdulla Əl Dabbağla, ABŞ-ın “APCO” şirkətinin icraçı direktoru xanım Margeri Krausla görüşüb, əməkdaşlıq və investisiya imkanları haqqında müzakirələr aparıblar.

SOCAR-ın rəhbərliyi ilə Avropa Komissiyasının yeni təyin olunmuş büdcə və insan resursları üzrə komissarı Günter Ottinger və onun ofisinin rəhbəri Mixael Hager arasında keçirilmiş görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa maliyyə qurumları tərəfindən maliyyələşdirilməsi, layihənin həyata keçirilməsi ilə bağlı aktual məsələlər və sair mövzular ətrafında müzakirələr aparılıb. G.Ottinger 2017-ci ilin sentyabr ayında Azərbaycana səfər edəcəyini bildirib.

R.Abdullayev Davos səfəri çərçivəsində “Goldman Sachs International” şirkətinin rəhbəri Riçard Con Qnoddenin dəvəti ilə işgüzar şam yeməyində də iştirak edib, buraya dəvət olunmuş enerji və maliyyə şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.