İQTİSADİYYAT
SOCAR-ın sayəsində Lvovda qatarların və təyyarələrin hərəkət cədvəllərini öyrənmək asanlaşıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynadakı nümayəndəliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanacaqdoldurma kompleksindəki xüsusi onlayn-tablolar qatarların yola düşməsi və gəlməsi vaxtı, yolun nömrəsi, habelə aviareyslərin statusu, təyyarələrin uçma və gəlmə vaxtı, aeroportda qeydiyyat terminalı və qeydiyyat masası barədə operativ məlumat almağa imkan verir.
Monitorlarda real vaxt rejimində əks olunan informasiyanın dəqiqliyi müvafiq məlumatların Lvov dəmiryol vağzalının və Daniil Qalitski adına “Lvov” beynəlxalq aeroportunun informasiya xidmətləri ilə sinxronlaşdırılması hesabına təmin edilir.
Avtomobillər üçün yanacaqdoldurma stansiyalarında aeroportların onlayn-tabloları dünyada ilk dəfə 2013-cü ildə Ukraynada tətbiq edilib. Bu, Kiyevdə Azərbaycanın “SOCAR” brendi ilə işləyən yanacaqdoldurma stansiyaları idi.
Xatırladaq ki, SOCAR ARDNŞ-yə mənsub olan brenddir. Ukraynada bu şirkəti təmsil edən “SOCAR Enerji Ukrayna” MMC (ARDNŞ-in törəmə şirkəti – AZƏRTAC) premium sinfinə aid yanacaqdoldurma kompleksləri şəbəkəsini inkişaf etdirir. “SOCAR” yanacaqdoldurma kompleksləri artıq Lvov, Kiyev, Odessa, Nikolayev, Rovno, Çerkası, Xmelnitski və Poltava vilayətlərində fəaliyyət göstərir. Şirkət Polşa, Litva və Belarusun aparıcı neftayırma zavodlarından “Avro-5” ekoloji standartına uyğun neft məhsullarını idxal edir.
Hazırda Ukraynada “SOCAR” brendi altında 39 yanacaqdoldurma kompleksi işləyir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev