İQTİSADİYYAT
SOCAR-ın vitse-prezidenti Dünya Bankının “GGFR” təşəbbüsünün rəhbər komitəsinin iclasında iştirak edib
Bakı, 5 iyul, AZƏRTAC
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Dünya Bankının “GGFR” təşəbbüsünün rəhbər komitəsinin iclasında iştirak edib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 29-30-da Londonda Dünya Bankının “GGFR” təşəbbüsünün rəhbər komitəsinin iclası keçirilib. Avropa Yenidənqurma və İnkişaf Bankının baş ofisində keçirilmiş iclasda SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə də iştirak edib.
Tədbirə dünya neft sənayesinin qabaqcıl şirkətləri, beynəlxalq maliyyə qurumları, fond və bankların rəhbərləri qatılıblar.
SOCAR-ın vitse-prezidenti R.Hüseynzadə çıxışında SOCAR-ın ətraf mühit, ekologiya və qlobal istiləşməyə mənfi təsirlərin azaldılması istiqamətində gördüyü işlər barədə məlumat verib, bu sahədə SOCAR ilə Dünya Bankının əməkdaşlığını xüsusi qeyd edib. Tədbir iştirakçıları SOCAR-ın ətraf mühitin qorunması sahəsində gördüyü işləri yüksək qiymətləndiriblər. İclasda SOCAR-ın GGFR təşəbbüsünə ilk qoşulan şirkətlərdən biri olması xüsusi vurğulanıb, digər ölkə və şirkətlərə də müsbət misal olduğu qeyd edilib.
Tədbir qruplarda görüşlər formatında davam etdirilib.