İQTİSADİYYAT
SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə komissiyasının növbəti iclası keçirilib
Bakı, 6 oktyabr, AZƏRTAC
SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda SOCAR-ın Xarici Təqaüd Proqramı (XTP) üzrə qabaqcıl xarici universitetlərdə neft mühəndisliyi, marketinq və strategiya, risklərin idarəolunması, ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar, kompyuter elmləri və insan resurslarının idarə edilməsi ixtisas qrupları üzrə magistr təhsilini başa vurmuş 10 nəfər məzunun hesabat xarakterli təqdimatları dinlənilib. Həmçinin, Xaricdə təhsil üzrə Dövlət Proqramı xətti ilə biznesin idarə edilməsi elmi ixtisası üzrə doktorantura pilləsində təhsil almaq üçün komissiyanın qərarı ilə möhlət almış bir nəfər XTP məzununa yenidən iş yeri təyinatının verilməsi məsələsi müzakirə edilib.
Komissiya üzvləri qarşısında hesabatla çıxış edən məzunlar xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri, eləcə də SOCAR-ın dəstəyi ilə Azərbaycanın təbliği məqsədi ilə ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Hesabatlar dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yerləri müəyyən olunub.
Hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 25 nəfər təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir və onlardan 11 nəfərin bu ilin sonuna kimi təhsillərini başa vuraraq geri qayıtmaları gözlənilir. Bundan əlavə, 199 nəfər təhsilini başa vuraraq geri qayıdıb və SOCAR-da ixtisaslarına uyğun işlə təmin ediliblər.