CƏMİYYƏT


SOCAR işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil edilib

Bakı, 4 iyul, AZƏRTAC

SOCAR və Almaniyanın UniPer şirkəti arasında 19 sentyabr 2013-cü il tarixli Əməkdaşlıq Sazişinə əsasən mühəndislər, gənc mütəxəssislər arasında təcrübə mübadilələri aparılır, bir sıra digər layihə və proqramlar həyata keçirilir, işgüzar görüşlər təşkil olunur.

SOCAR-dan AZƏRTAC-a verilən məlumat görə, bu proqramlardan biri də SOCAR və UniPer əməkdaşlarının övladları üçün Almaniya və Azərbaycanda yay düşərgələrinin təşkil edilməsidir. 2014-cü ildən etibarən keçirilmiş müsabiqələr əsasında SOCAR əməkdaşlarının övladları hər il Almaniyaya səfər edib, müxtəlif şəhərlərdə bu ölkənin tarixi, mədəniyyəti və görməli yerləri ilə tanış olublar. Bu il də SOCAR əməkdaşlarının övladları arasında müvafiq müsabiqə təşkil edilib və müsabiqədən uğurla keçən 22 şagird iyunun 18-dən iyulun 2-də Almaniya Yay Düşərgəsi Proqramında iştirak edib. Proqram çərçivəsində şagirdlər Almaniyanın 10 şəhərində olmuş, onlar üçün Alp dağlarının ətəklərində, Köniqsii gölü boyunca gəzinti keçirilib, Allianz Arena stadionuna, Bavariya Filmştat Mərkəzinə, “Alte Pinakotek” rəsm muzeyinə, məşhur Noyşvanştayn qalasına, Düsseldorf teleqülləsinə, Köln şokolad muzeyinə, Elm və texnologiya muzeyinə, BMW muzeyinə, UniPer şirkətinə turlar təşkil olunub.

“UniPer” şirkətinin rəhbər nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyən olunması və inkişaf etdirilməsi məqsədilə 22-27 iyun tarixlərində Almaniyaya ezam olunmuş SOCAR-ın baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bir sıra görüşlər keçirib və həmin görüşlərdə SOCAR və UniPer arasında 2017-2018-ci illərdə həyata keçirilməsi nəzərdə tutulmuş layihələr müzakirə olunub. Səfər zamanı Asif Bəkirli “Yay düşərgəsi” layihəsinin iştirakçıları ilə görüşüb, uşaqların qalma və qidalanma şəraiti ilə yaxından tanış olub, eləcə də bilik və idman yarışlarının qaliblərinə sertifikatların təqdim olunması mərasimində iştirak edib. Sözügedən layihənin davamı olaraq Almaniyanın UniPer şirkətinin əməkdaşlarının 20 nəfər övladı iyulun 17-dən 31-dək sayca 3-cü olan Azərbaycan Yay Düşərgəsi Proqramında iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.