İQTİSADİYYAT


SOCAR istiqrazları üzrə təkrar bazarda 50 milyon dollardan çox alqı-satqı həyata keçirilib

Bakı, 9 fevral, AZƏRTAC

SOCAR istiqrazlarının təkrar bazarında marketmeyker fəaliyyətini həyata keçirən “PSG Capital” şirkəti yanvar ayının nəticələrini açıqlayıb.

Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, istiqrazlara yalnız yeni müştərilərin marağı artmayıb. İndiyədək istiqraz sahibi olanlar da yenidən qiymətli kağızlar əldə etməyə başlayıblar.

SOCAR istiqrazlarının dövriyyəyə buraxılmasından keçən 3 ay ərzində hər iki istiqrazdan biri təkrar bazarda alınıb-satılıb. Belə ki, bu müddətdə SOCAR istiqrazları üzrə təkrar bazarda 50 milyon dollardan çox alqı-satqı həyata keçirilib.

Təkcə yanvar ayında 16,5 milyon dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə 82 əqd bağlanılıb. SOCAR istiqrazlarının ticarətində marketmeyker fəaliyyətini həyata keçirən “PSG Kapital İnvestisiya Şirkəti”nin məlumatına görə, istiqraz alanların 72 faizini yeni müştərilər təşkil edib. 28 faiz insanlar isə artıq istiqrazı olanlardır ki, onlar yeni kağızlar əldə ediblər.

“PSG Capital” şirkətinin nümayəndəsi İkram Səfərəliyev deyib ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişindən sonra istiqrazlara müştərilərin marağı daha da artıb. “İlk faiz ödənişlərindən sonra istiqrazlara maraq daha da artıb, xüsusilə fiziki şəxslər tərəfindən. Ümumilikdə bu il ərzində 16,5 milyon dollar həcmində alqı-satqı əməliyyatı baş tutub”, - deyə o, əlavə edib.

Qeyd edək ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişi yanvarın 17-də baş tutub və istiqraz sahiblərinə ümumilikdə 1,25 milyon dollarlıq vəsait ödənilib.

Yanvarda istiqraz almaq istəyən əcnəbilərin sayında da artım müşahidə olunub. SOCAR istiqrazlarının təkrar bazarında əsasən Rusiya, Ukrayna, Türkiyə və Gürcüstan vətəndaşları aktivlik göstəriblər.

Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5 faiz gəlirliliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfə çox olub. Təkrar bazarda SOCAR istiqrazlarının marketmeykeri olaraq “PSG Capital” şirkəti çıxış edir.

Oktyabr ayının 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanılıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.