İQTİSADİYYAT


SOCAR istiqrazlarına iki dəfədən çox tələb var

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

SOCAR tərəfindən Azərbaycan vətəndaşları və qurumları üçün 100 milyon ABŞ dolları məbləğində kütləvi buraxılmış SOCAR istiqrazlarına iki dəfədən çox tələbat yaranıb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, sentyabrın 20-dən ön sifariş toplanmasına başlanan SOCAR istiqrazlarının (5 il müddətli, 3 aydan bir faiz ödənişli, 100 milyon ABŞ dolları məbləğində buraxılan) sifariş toplanma prosesi oktyabrın 10-da uğurla tamamlanıb.

“ASAN xidmət”, “Azərbaycan Beynəlxalq Bankı”, “Azər-Türk Bank”, “Xalq Bank”, “Kapital Bank”, “Rabitə Bank”, “AzFinance”, “İnvestAz”, “Paşa Kapital” və anderrayterliyi öhdəsinə götürən “PSG Kapital”ın işbirliyi ilə toplanmış ön sifarişlərin yekun sifariş halına gəlməsindən sonra bölüşdürülməsi prosesi oktyabrın 12-də, yerləşdirilməsi isə oktyabrın 13-də həyata keçiriləcək. Oktyabrın 14-dək Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiqləməsindən sonra oktyabrın 17-də İkinci Bazar əməliyyatları başlanacaq. Bu prosesin uğurla nəticələnməsində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Bakı Fond Birjası (BFB) və Milli Depozit Mərkəzi (MDM) dəstək olub.

Dəyəri 100 milyon ABŞ dolları təşkil edən SOCAR İstiqrazlarının buraxılışı qarşılığında ümumilikdə 203 milyon 604 min ABŞ dolları sifariş toplanıb. Bölüşdürmə əməliyyatında üstünlük Emissiya Prospektində yazıldığı kimi, fiziki şəxslərə (vətəndaşlara) veriləcək, sonra isə hüquqi şəxslərin tələbləri qarşılanacaq.

Yekun nəticələr oktyabrın 14-də dəqiqləşəcək. İnvestorların qarşılana bilinməyən tələblərinin onların bank hesablarına geri qaytarılmasına başlanacaq və ən gec oktyabrın 18-i tarixində həmin proses sonlandırılacaq.

100 milyon ABŞ dolları məbləğində kütləvi buraxılmış SOCAR istiqrazlarının fiziki və hüquqi şəxslər tərəfindən 2 qatdan çox tələbatla qarşılanması həm SOCAR istiqrazlarına, həm də ölkəmizin kapital bazarının inkişafına göstərilən böyük marağın bariz nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.