SOCAR-la SAP-ın "İnsan resursları funksiyalarının transformasiyası" layihəsi təqdim olunub
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də SOCAR və SAP şirkətinin əməkdaşlığı çərçivəsində "İnsan resursları funksiyalarının transformasiyası" layihəsinin təqdimatı keçirilib.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, SOCAR-ın idarə, müəssisə, təşkilat və müştərək müəssisələrinin rəhbərləri, "SAP MDB" şirkətinin rəhbərliyi, yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov SOCAR-ın həyata keçirdiyi layihələr barədə məlumat verib.
SAP şirkətinin nümayəndələri "İnsan Resursları funksiyalannın transformasiyası'' layihəsinin təqdimatını ediblər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxışında transmilli şirkətə çevrilmə yolunda rəqabət üstünlüyünə nail olmaq üçün SOCAR-ın ən vacib resursu hesab olunan insan resurslarının inkişafının təmin edilməsinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, bu sahədə korporativ strategiyaya uyğun olaraq bir sıra addımlar atılıb. Neft və qaz sahəsində peşəkar və ixtisaslı kadrların hazırlanması üçün peşə məktəbi və təlim mərkəzlərinin təsis edilməsi, gənc kadrların nüfuzlu universitetlərdə təhsilinin maliyyələşdirilməsi və şirkətə cəlb edilməsi ilə bağlı uzun illərdir əhəmiyyətli işlər davam etdirilir. SOCAR-da 2008-ci ildən SAP-ın müxtəlif modulları, o cümlədən "HR" modulu da tətbiq olunur. Bu prosesin davamlı şəkildə, beynəlxalq təcrübəyə əsaslanan idarəetmə prinsipləri nəzərə alınaraq daha effektiv icrası üçün "işə qəbul", "xidməti fəaliyyətin qiymətləndirilməsi və karyera planlaması", "biliklərin test üsulu ilə yoxlanılması "təlimlərin təşkili", "işçilərlə əlaqələr" istiqamətində beynəlxalq təcrübəyə əsaslanan metodoloji sənədlər və müvafiq standartlar hazırlanaraq tətbiq olunmağa başlanıb. Qısa müddətdə işə qəbul və namizədlərin biliklərinin yoxlanılması proseslərinin tam avtomatlaşdırılmış formada tətbiqinə nail olunub, bu sahədə operativlik və şəffaflıq təmin edilib. Həmçinin bu proseslərin həyata keçirilməsi zamanı informasiya-telekommunikasiya texnologiyalarının intensiv istifadəsi namizədlər və işçilərlə daha effektiv ünsiyyət qurulmasına imkan yaradıb. Bununla yanaşı, işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi və karyera planlaması proqramı hazırlanıb, SOCAR-ın bir neçə müəssisəsində pilot layihə olaraq tətbiq edilib. Bu gün rəqabətli qlobal mühitlə ayaqlaşaraq prosesdən daha da təkmilləşmək üçün SOCAR-da insan resursları sahəsi üzrə həyata keçirilən tədbirlərin vahid platformada cəmlənməsi və qabaqcıl informasiya texnologiyalardan istifadə etməklə inteqrasiya olunması zərurəti daim nəzərdə saxlanılır.
Həmin məqsədlə qlobal arenada bu sahənin lider şirkətlərindən sayılan və daha əvvəl də müxtəlif istiqamətlərdə əməkdaşlıq etdiyimiz SAP şirkətinin bu işlərə cəlb edilməsinə dair qərar verilib və şirkətlər arasında "İnsan Resurslarının funksiyalarının transformasiyasi" layihəsi üzrə müqavilə imzalanıb. Layihənin əsas məqsədi heyətin idarə edilməsinin effektivliyinin yüksəldilməsi, peşəkar əməkdaşların inkışafı və saxlanılması uçun fundamental əsasın yaradılması, həmçinin heyətə vəsait sərfinin şəffaflıgının təmin edilməsidir. Layihə çərçivəsində heyətin məqsədli üst səviyyəli əməliyyat idarəetmə modelinin, istedadların idarə edilməsi konsepsiyasının və metodoloji sənədlərin işlənib hazırlanması, səlahiyyətlərin idarə edilməsi, məqsədlərin qoyulması və qiymətləndirilməsi və digər mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar olaraq SOCAR-ın müvafiq əmri ilə İnsan Resursları Departamenti, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, SOCAR-ın aidiyyəti digər struktur bölmələri, eləcə də SAP şirkətinin əməkdaşlarından ibarət layihə qrupu yaradılıb və hazırlanmış plan-qrafik üzrə işlərə start verilib. Layihə qrupunun tərkibində texniki komitə, işçi qrup formalaşdırılıb və layihənin nizamnaməsi işlənərək texniki komitə tərəfindən təsdiq edilib.
Layihə iştirakçılarına bu işlərin görülməsində uğurlar arzulayan R.Abdullayev "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın istiqamətləri ilə uzlaşan bu işlərin uğurla həyata keçirilməsi nəticəsində SOCAR-ın daha da inkişaf edəcəyini bildirib.