CƏMİYYƏT
SOCAR orta məktəb şagirdlərinin peşə təhsilinə həvəsləndirilməsi prosesinə dəstəyini davam etdirir
Bakı, 18 noyabr, AZƏRTAC
Təhsil Nazirliyi, SOCAR-ın İnsan Resursları Departamenti, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dəstəyi ilə Almaniyanın “SEQUA” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda məşğulluq səviyyəsinin yüksəldilməsi və sahibkarların peşə təhsilində verə biləcəyi dəstək” layihəsi çərçivəsində Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində Məktəb-Lisey Kompleksinin 8, 9, 10-cu sinif şagirdləri üçün peşə təhsilinə marağın artırılması üzrə ekskursiya keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şagirdlərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə giriş təlimatı verildikdən sonra TTSİ-nin fəaliyyəti və təlim mərkəzləri ilə bağlı videoçarx nümayiş etdirilib, SOCAR-da peşə təhsili almış şəxslər üçün mövcud olan iş imkanlarından bəhs olunub. Qeyd edilib ki, İnsan Resursları Departamenti tərəfindən tam obyektiv və şəffaf şəkildə təşkil edilən imtahanlarda iştirak etməklə SOCAR-ın təlim mərkəzlərinə qəbul olmaq mümkündür. Şagirdlərə məlumat verilib ki, SOCAR-ın təlim mərkəzlərində peşəyə yiyələnmə müddətində tələbələr aylıq təqaüd, xüsusi geyim, gündəlik naharla təmin edilirlər.
Daha sonra şagirdlər emalatxana və təlim otaqları ilə tanış olmuş, “elektrik qaz qaynaqçısı”, “plastmas qaynaqçısı”, “nasos qurğularının maşinisti”, “elektrik montyoru”, “nəzarət ölçü cihazları üzrə çilingər”, “defektoskopçu”, “təmirçi çilingər”, “qazla kəsən” peşələrinin qaydaları, prinsipləri və peşə üstünlükləri barədə məlumat alıblar. Sonda ekskursiya iştirakçıları layihənin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Peşə təhsilinə dəstək və məşğulluq səviyyəsinin yüksəldilməsinə yönəlmiş layihənin dövlətimizə fayda verəcəyinə əminlik ifadə olunub.
Layihə çərçivəsində dekabr ayının sonuna kimi daha altı orta məktəbin şagirdləri üçün də analoji ekskursiyalar təşkil olunacaq.