İQTİSADİYYAT
SOCAR üzrə atmosferə atılan qazların həcmi müəyyən edilib
Bakı, 12 may, AZƏRTAC
SOCAR üzrə atmosferə atılan qazların həcmi müəyyən olunub.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın baş ofisində Ekologiya İdarəsinin təşkilatçılığı ilə “Metan emissiyalarının azaldılmaları” mövzusunda seminar keçirilib. Seminarda qeyd olunub ki, Norveçin “Carbon Limits” şirkəti ilə Ekologiya İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən cari ilin fevralında əvvəlcədən müəyyən edilmiş potensial mənbələrdə xüsusi cihaz və avadanlıqlardan istifadə etməklə sızmalar və texnoloji itkilər ölçülüb. Ölçmələr nəticəsində adi halda müəyyən edilməsi mümkün olmayan, atmosferə atılan qazların həcmi müəyyən edilib.
Seminarda ölçmə işlərinin yekun nəticələri təqdim edilib. İqlim dəyişmələrinə təsirin azaldılması ilə bağlı qəbul olunmuş Paris Razılaşması, metan qazının aşkarlanması üçün cihaz və avadanlıqlar, ölçmə işləri və metanın yığılması üçün müvafiq texnologiyalar barədə təqdimatlar dinlənilib. Seminarın sonunda gələcək əməkdaşlığın mümkün istiqamətləri barədə müzakirələr aparılıb.
Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Norveçin Azərbaycandakı səfirliyi, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı, Azərbaycanın neft sənayesində çalışan əməliyyat şirkətləri, həmçinin SOCAR-ın struktur bölmələrinin nümayəndələri iştirak ediblər.