İQTİSADİYYAT
SOCAR və Çin Milli Neft Korporasiyası arasında yaradılmış birgə müəssisə səmərəli fəaliyyət göstərir
Bakı, 31 may, AZƏRTAC
SOCAR və Çin Milli Neft Korporasiyasının (CNPC) birgə layihələri uğurla həyata keçirilir, iki şirkət arasında yaradılmış birgə müəssisə səmərəli fəaliyyət göstərir.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin mayın 31-də Çin Milli Neft Korporasiyasının (CNPC) İdarə Heyətinin üzvü Vang Şi Honqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə danışılıb.
SOCAR-ın prezidenti Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bir çox sahələrdə faydalı əməkdaşlığın qurulduğunu vurğulayıb, Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında, xüsusilə də enerji sektorunda iştirakının dövlətlərarası münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli töhfə olduğunu bildirib. R.Abdullayev SOCAR və CNPC arasında uzunmüddətli əməkdaşlığın mövcudluğunu nəzərə çatdıraraq, Çin şirkətinin ilk dəfə belə böyük nümayəndə heyəti ilə SOCAR-da olmasını yüksək qiymətləndirib. O, SOCAR və CNPC-nin birgə layihələrinin uğurla həyata keçirildiyini, iki şirkət arasında yaradılmış birgə müəssisənin səmərəli fəaliyyət göstərdiyini qeyd edib.
Azərbaycana səfərlərindən məmnun olduğunu bildirən Çin nümayəndə heyətinin başçısı SOCAR-la münasibətlərin inkişafına böyük önəm verdiklərini, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə çalışdıqlarını bildirib, SOCAR-ın həyata keçirdiyi geniş spektrli layihələrdə iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb. O, Çində Azərbaycan iqtisadiyyatının davamlı inkişafının yaxından izlənildiyini söyləyib, fondların və ixrac-idxal bankının ölkəmizə, xüsusilə enerji sektoruna böyük maraq göstərdiklərini diqqətə çatdırıb.
Azərbaycanda əlverişli və təhlükəsiz investisiya mühitinin olduğunu qeyd edən R.Abdullayev CNPC şirkətinin nümayəndələrinə hazırda SOCAR tərəfindən reallaşdırılan regional və qlobal əhəmiyyətli enerji layihələrinin uğurları və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin perspektivləri barədə ətraflı məlumat verib. Görüşdə SOCAR-ın yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi ilə bağlı qısa təqdimat keçirilib.
Sonda qonaq CNPC şirkətinin prezidentinin məktubunu Rövnəq Abdullayevə çatdırıb, onu təmsil etdiyi şirkətin rəhbərliyi adından Çin Xalq Respublikasına səfərə dəvət edib.