İQTİSADİYYAT
SOCAR və “Petronas” arasında “Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə” imzalanıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Malayziyanın “Petronas” neft-qaz şirkəti arasında “Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə” imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Petronas” şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffin imzalayıblar.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev sentyabrın 3-də “Petronas”ın prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Petronas”ın prezidenti Azərbaycanda investisiya üçün əlverişli mühit olduğunu qeyd edib və SOCAR-la əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Görüşdə “Şahdəniz” layihəsində “Statoil”un payının “Petronas” tərəfindən alındığı xatırlanıb.
R.Abdullayev qonaqlara “Şahdəniz” və “Cənub” qaz dəhlizi layihələrinin gedişi haqqında ətraflı məlumat verib. Bildirib ki, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və boru kəmərlərinin inşası layihələri üzrə işlər qrafikə uyğun şəkildə uğurla davam etdirilir. Görülən işlər əminlik yaradır ki, 2018-ci ildə ilk qaz həcmlərinin Türkiyəyə ötürülməsi mümkün olacaq.
Datuk van Zulkiflee van Ariffin “Petronas” ilə SOCAR arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
SOCAR-ın prezidenti isə öz növbəsində Azərbaycanın neft-qaz sənayesində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğulayıb, ölkəmizdə investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini qonaqların diqqətinə çatdırıb.