İQTİSADİYYAT


SOCAR və Rumıniyanın “Transqaz” şirkəti Qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

SOCAR və Rumıniyanın “Transqaz” şirkəti Qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev iyulun 19-da Avropa Parlamentinin üzvü Ramona Nikole Manesku, Rumıniyanın “Transqaz” şirkətinin Direktorlar Şurasının sədri İon Sterian və “Transqaz”ın maliyyə vəsaiti və Avropa İttifaqı ilə beynəlxalq əlaqələr üzrə idarə rəisi Çiprian Aliçdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Rumıniya əlaqələrinin yüksələn xətt üzrə inkişafı xüsusi qeyd olunub, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq və SOCAR-ın Rumıniyada uğurlu fəaliyyəti yüksək qiymətləndirilib.

Sonra SOCAR və “Transqaz” arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memorandumda SOCAR və “Transqaz” arasında təbii qazın nəqli sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan və Xəzər dənizi regionundan qaz tədarükü hesabına qaz tranziti və paylanması sahəsində Rumıniyanın potensialından istifadə olunması imkanlarının, habelə ümumi maraq doğuran potensial perspektivlərin araşdırılması, uzunmüddətli sazişlər və ya spot-sövdələşmələr əsasında, o cümlədən AGRİ layihəsi çərçivəsində maye qazın qəbulu üzrə potensial terminallar da daxil olmaqla, Rumıniya bazarına təbii və maye qaz tədarükü və treydinqi sahəsində əməkdaşlıq imkanlarının birgə öyrənilməsi kimi məsələlər nəzərdə tutulur.

Görüşdə bildirilib ki, memorandumun imzalanması şirkətlər arasında əməkdaşlığı dərinləşdirmək, Cənub-Şərqi Avropa və Balkan regionunun təbii qaz bazarında fəaliyyətləri genişləndirmək imkanı verəcək. Enerji sahəsində, xüsusilə də təbii qazın tədarükü, nəqli, marketinqi və satışı sahələrində birgə fəaliyyətin ölkələr arasında əməkdaşlığın genişlənməsinə əhəmiyyətli töhfə verəcəyinə əminlik ifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.