İQTİSADİYYAT
“SOCAR” yanacaq brendi Ukraynada öz yeni loqotipini təqdim edib
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kiyevdəki nümayəndəliyinin mətbuat xidmətindən bildiriblər.
Təqdimat “Ukraynanın yanacaq-energetika kompleksinin bu günü və gələcəyi” mövzusunda XII Beynəlxalq forumun işində SOCAR-ın iştirakı çərçivəsində keçirilib.
“SOCAR” loqotipinin yeni variantında ölkəmizin mədəniyyətində və tarixində mühüm yer tutan alov simvolu təcəssüm etdirilir. Loqotipdə Azərbaycanın milli bayrağının rəngləri vardır ki, bu da ölkənin beynəlxalq aləmdə təqdim olunması üçün mühüm amildir.
Azərbaycanda SOCAR-ın bütün müəssisə və bölmələrinin, habelə onun təmsil olunduğu ölkələrdə, o cümlədən Ukraynadakı neft şirkətinin yanacaqdoldurma komplekslərinin rebrendinqi ilboyu davam edəcəkdir.
Məlum olduğu kimi, SOCAR (State oil company of Azerbaijan Republic) ARDNŞ-ə məxsus brenddir. Ukraynada SOCAR-ı ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Enerji Ukraina” MMC təmsil edir. O, Kiyev, Odessa, Lvov, Nikolayev, Rovno, Çerkassı, Xmelnik və Poltava vilayətlərində artıq fəaliyyət göstərən premium yanacaqdoldurma kompleksləri şəbəkəsini inkişaf etdirir. Şirkət Polşa, Litva və Belarusun əsas neftayırma zavodlarından “Avro-5” eko-standartına uyğun neft məhsulları ixrac edir.
Hazırda Ukraynada “SOCAR” brendi ilə 39 yanacaqdoldurma kompleksi işləyir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev