DÜNYA
“SONY” şirkəti kiber hücuma görə əməkdaşlarına səkkiz milyon dollar ödəyəcək
Tokio, 27 noyabr, AZƏRTAC
“SONY” şirkəti indiki və keçmiş əməkdaşlarının hər birinə onların şəxsi məlumatlarının oğurlanması nəticəsində dəyən ziyana görə 10 min dollar ödəməyə razılıq verib.
Ötən ilin noyabrında “Guardians of Peace” hakerlər qrupu şirkətin şəbəkəsinə daxil olaraq “Müsahibə” komediyasının buraxılışının qarşısını almağa çalışıblar. Şirkətin şəbəkəsinə daxil olan hakerlər daxili məlumatlarla yanaşı, həmin vaxt prokata buraxılmayan “Enni” filminin və bir sıra məktubların surətlərini oğurlayıblar. Bu hadisəyə görə ABŞ hökuməti Koreya Xalq Demokratik Respublikasını günahlandırıb.
Kiber hücumdan zərər çəkmiş əməkdaşlar şəxsi məlumatlarını mühafizə edə bilmədiyinə görə ötən ilin dekabrında “SONY” şirkətini məhkəməyə veriblər. Məhkəmə zamanı əldə edilmiş razılaşmaya görə, şirkət iddiaçılara 4,5 milyon dollar, məhkəmə çəkişməsinə görə isə 3,5 milyon dollar ödəyəcək. Kompensasiyanın tam ödənişi isə gələn ilin martına planlaşdırılır. Bununla yanaşı, “SONY” şirkəti keçmiş əməkdaşlarının məlumatlarının mühafizəsini də iki il təmin etməli olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio