DÜNYA
SOYDAŞIMIZ GÜRCÜSTANIN ALİ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
Tanınmış tədqiqatçı, şair, jurnalist Şurəddin Məmmədli Gürcüstan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin araşdırılmasındakı xidmətlərinə, gürcü klassikləri əsərlərinin Azərbaycan dilinə yüksək səviyyədə tərcüməsinə görə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin fərmanı ilə “Şərəf” ordeninə layiq görülmüşdür.
Borçalıda yaşayıb-yaradan Ş.Məmmədlinin elmi araşdırmaları, poetik yaradıcılığında, publisistikası doğma diyarın tarixi, Gürcüstan azərbaycanlılarının ədəbi-mədəni ənənələri ilə bağlıdır. O, Tbilisidə və Bakıda gürcü və Azərbaycan dillərində nəşr edilmiş 15-dək elmi-bədii kitabın müəllifidir. “Paralanmış Borçalı”, “Alın yazımız”, “Borçalı ədəbi mühiti”, “Ədəbi Borçalı”, habelə gürcü dilində işıq üzü görən “Səhnə ülfətimizdən”, “Gürcüstan azərbaycanlılarının ədəbi ənənələri” əsərləri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Gürcüstan və Azərbaycan yazıçılar birliklərinin üzvü, Tbilisi Humanitar Universitetinin kafedra müdiri, Tbilisi Dövlət Pedaqoji Universitetinin dosenti, “Gürcstan” qəzetinin şöbə müdiri Şurəddin Məmmədli yaxın vaxtlarda “Borçalı ədəbi mühiti: tarixi inkişaf mərhələləri və regionun özəllikləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edəcəkdir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi