SİYASƏT
SOYDAŞIMIZ GÜRCÜSTANIN DÖVLƏT MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov Gürcüstan Prezidenti Eduard Şevardnadzenin sərəncamı ilə bu ölkənin yüksək mükafatı – “Şərəf” ordeni ilə təltif edilmişdir.
Budur, dost ölkədən daha bir şad xəbər alınmışdır: soydaşımız İmir Məmmədli gürcü və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə töhfəsinə, ədəbi əlaqələrin genişlənməsində xidmətinə, bədii əsərləri hər iki dilə tərcümə etdiyinə və Şota Rustavelinin məşhur “Pələng dərisi geymiş pəhləvan” poemasını orijinaldan Azərbaycan dilinə yüksək səviyyədə çevirdiyinə görə Gürcüstanın Dövlət mükafatına layiq görülmüşdür.
Diqqətəlayiq haldır ki, İmir Məmmədli bu mötəbər mükafatı alan ilk qeyri-gürcüdür.
“Məhəmməd peyğəmbərin kəlamları”, Yunus İmrənin şerlər toplusu, Zəlimxan Yaqubun, Hidayət Orucovun, Vaqif Səmədoğlunun, Nüsrət Kəsəmənlinin, başqa şair və yazıçılarımızın əsərləri ilə gürcü oxucusu məhz İmir Məmmədlinin tərcüməsində tanış olmuşdur. İki dildə yazıb-yaradan soydaşımız ədəbiyyat sahəsində səmərəli fəaliyyətinə görə hələ 1997-ci ildə Maçabeli mükafatı almışdır.
İmir Məmmədli həm də məsul dövlət işində çalışır, Gürcüstan Prezidenti İcra Aparatının ərazi idarəetmə və regional siyasət məsələləri şöbəsi müdirinin müavinidir. Soydaşımızın bu sahədə də uğurlu fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, Gürcüstanın yüksək mükafatına – “Şərəf” ordeninə və Tbilisi meriyasının “Sədaqət” medalına layiq görülmüşdür.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi