ELM VƏ TƏHSİL
SOYDAŞIMIZ GÜRCÜSTAN MİLLİ AKADEMİYASININ HƏQİQİ ÜZVÜDÜR
Gürcüstanda yaşayıb-yaradan soydaşımız Şurəddin Məmmədli təkcə şair və publisist kimi deyil, həm də Borçalının tarixini və bu gününü araşdıran tədqiqatçı alim kimi tanınmışdır. Onun bu qədim diyar və Gürcüstanda yaşayan azərbaycanlılar haqqında “Paralanmış Borçalı”, “Alın yazımız”, “Borçalı ədəbi mühiti”, “Ədəbi Borçalı”, “Qarapapaq eli” (Azərbaycan dilində) və “Gürcüstan azərbaycanlılarının ədəbi ənənələri”, “Səhnə ülfətimizdən” (gürcü dilində) tədqiqat əsərləri istər Azərbaycanın, istərsə də Gürcüstanın elmi dairələrində müsbət qarşılanmış və yüksək qiymətləndirilmişdir.
Gürcüstan Umummilli Yazıçılar İttifaqının üzvü, Sulxan-Saba Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya elmləri namizədi Şurəddin Məmmədli Gürcüstan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin elmi tədqiqi sahəsində görkəmli xidmətlərinə, gürcü klassiklərinin əsərlərini Azərbaycan dilinə yüksək səviyyədə tərcümə etdiyinə, səmərəli elmi-ədəbi fəaliyyətinə görə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülmüşdür. Bu yaxınlarda daha bir şad xəbər alınmışdır: soydaşımız Gürcüstan Milli Akademiyasının həqiqi üzvü - akademiki seçilmişdir.
Soydaşımızı bu uğuru münasibətilə də təbrik edirik.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi