MƏDƏNİYYƏT
SOYDAŞIMIZ HAQQINDA PROQRAM
Daşkənddə yaşayan həmyerlimiz, ölkədə tanınmış şairlərdən biri İxtiyar Rizonun həyat və yaradıcılığı ilə bağlı 45 dəqiqəlik veriliş Özbəkistan radiosunun birinci proqramı ilə efirə getmişdir.
Proqramda Babur adına Daşkənd Dövlət Universitetinin professoru Qazakbəy Xasanov və dossent Ədhəmbəy Adilbəyov şairin yaradıcılığını təhlil etmiş, onu Özbəkistanın tanınmış sənətkarlarından biri adlandırmışdır. Proqramda deyilmişdir ki, şairin ilk şerlər kitabı 1979-cu ildə Daşkənddə nəşr edilmişdir. Sonra onun “Əfsanələr çin ikən”, “O sənsən, mənimsən”, “Bəyaz”, “Qanadlı, qanadsız quşlar”, “Ağılar” və başqa kitabları çap olunmuşdur.
Proqramın müəllifi, jurnalist Əkbər Xasanov demişdir:
- İxtiyar Rizonun şerlərində vətən həsrəti, repressiya illərinin ağrıları, Vətənə, anaya, insanlara məhəbbət əsas yer tutur. Şairin valideynləri Azərbaycandan bu torpaqlara repressiya edilib. Özbəkistan onun ikinci vətəni olub. Ona görə də şair Azərbaycanla bərabər Özbəkistana və onun insanlarına çoxlu şer həsr edib. Burada ad-san qazanıb. Biz şairə bundan sonra daha böyük yaradıcılıq uğurları arzulayırıq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd