DÜNYA
SOYDAŞLARIMIZIN PROBLEMLƏRİNİN HƏLLİNƏ DİQQƏT ARTIRILIR
Gürcüstanın 2002-ci il dövlət büdcəsi parlamentdə uzun sürən müzakirələrdən sonra bəyənilib qəbul edilmişdir.
Dövlət büdcəsində azərbaycanlıların yığcam yaşadıqları Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarında yeni sosial obyektlərin, ilk növbədə xəstəxanaların, ambulatoriyaların tikilməsi və mövcud obyektlərin təmiri, yenidən qurulması, müasir avadanlıqla təchiz edilməsi, eləcə də onların maliyyə imkanlarının genişləndirilməsi üçün vəsaitlər ayrılması da nəzərdə tutulmuşdur.
Kvemo Kartli – Borçalı bölgəsinin qubernatoru Levan Mamaladze AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, 2002-ci il dövlət büdcəsi azərbaycanlı əhalinin bir çox problemlərinin həllinə geniş imkanlar açır, çünki əvvəlki illərə nisbətən indi bu rayonlara daha çox maliyyə vəsaiti ayrılacaqdır. Qubernator onu da nəzərə çarpdırdı ki, ölkənin keçirdiyi dərin iqtisadi böhran, əlbəttə, bəzi mühüm problemlərin tam həllinə hələlik imkan vermir, Odur ki, yerlərdə vergilərin vaxtında ödənilməsi məsələsi daim diqqət mərkəzində olmalıdır. Cənab Mamaladze bu problemlərin həllində əslən Borçalıdan olan və hazırda yaxın və uzaq xaricdə yaşayan varlı adamların xeyriyyəçiliyinə də ümid bəslədiyini bildirdi.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Rustavi