SİYASƏT
SPİKERLƏRİN GÖRÜŞÜ BAŞA ÇATMIŞDIR
Xəbər verildiyi kimi, Milli Məclisin sədri Murtuz Ələsgərov Cənubi Qafqaz ölkələri parlament sədrlərinin görüşündə iştirak etmək üçün fevralın 7-dən 9-dək Kislovodskda səfərdə olmuşdur.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovun təşəbbüsü ilə keçirilmiş bu görüşdə Qafqazda ictimai-siyasi vəziyyət, məhəlli konfliktlərin həlli yolları, dövlətlərarası münasibətlərin inkişafına mane olan halların aradan qaldırılması və digər məsələlər barəsində fikir mübadiləsi aparılmışdır.
Fevralın 9-da parlamentin sədri Vətənə qayıtmışdır. Binə hava limanında Milli Məclis spikerini sədrin birinci müavini Arif Rəhimzadə, sədr müavinləri Ziyafət Əsgərov, Gövhər Baxşəliyeva, aparatın rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər qarşılamışlar.