REGİONLAR
STP-nin kabel zavodu ifrat yüksək gərginlikli 500 kV-luq kabelin istehsalına başlayıb
Bakı, 30 iyun, AZƏRTAC
Sumqayıt Texnologiyalar Parkının (STP) kabel zavodu ifrat yüksək gərginlikli 500 kV-luq kabelin istehsalına başlayıb. 125 metrlik qüllə artıq texniki olaraq istifadəyə verilib və sınaq üçün məhsul istehsalı həyata keçirilib.
Kabel zavodunun direktoru Adıgözəl Rəhmanov bu barədə AZƏRTAC-a məlumat verərək bildirib ki, müəssisədə Almaniya istehsalı olan avadanlıq quraşdırılıb. İndiyədək 10, 35, 110, 220 kV-luq kabellərin istehsalı həyata keçirilib. Ancaq bu gün Azərbaycanın sənaye tarixində ilk dəfə olaraq 500 kV-luq ifrat yüksək gərginlikli kabel istehsal edilib.
İlk istehsalın test xarakterli olduğunu bildirən Adıgözəl Rəhmanov zavodun gələcək planlarını açıqlayıb: “Əvvəlcə sınaq xarakterli 500 KV-luq kabel istehsal etdik. Növbəti mərhələdə bu kabeli bazara çıxarmaq üçün Avropa standartlarına cavab verdiyini təsdiqləyən sertifikat almalıyıq. Bunun üçün yaxın günlərdə beynəlxalq sertifikatlaşdırma laboratoriyalarından birinə müraciət edəcəyik. Bir il ərzində məhsulumuz sınaqlardan keçiriləcək. Bütün parametrlərə və keyfiyyət göstəricilərinə cavab verdiyi təsdiqlənərsə, lazımi sertifikatı əldə edəcək və məhsulumuzu bazara çıxaracağıq. Hədəfdə həm daxili, həm də xarici bazarlar var. Bu məhsula çox böyük ehtiyac var. 500 kV-luq ifrat yüksək gərginlikli kabellər MDB ölkələrində, İran, Türkiyə və Yaxın Şərqdə istehsal olunmur. Ümumilikdə, bu cür kabellər dünyada 4-5 ölkədə istehsal edilir. Bir neçə vaxt idi ki, bizə sifarişlər gəlirdi. Bu yaxınlarda 80 kilometrlik rəsmi tələb də var idi. Bu cür kabellərin orta istehsal sürəti təxminən bir dəqiqədə 0,4 metrdir. Bu da izolyasiya qatının qalın olması və orada gedən vulkanizasiya prosesinin sürətilə əlaqədardır."