İQTİSADİYYAT
STRATEJİ ÖZƏLLƏŞDİRMƏ QİYMƏTLİ KAĞIZLAR BAZARININ İNKİŞAFINA TƏKAN VERİR
Azərbaycanda iqtisadi islahatların uğurlu nəticəsindən biri qiymətli kağızlar bazarının formalaşması, cəmi üç il ərzində onun mükəmməl infrastrukturunun yaradılmasıdır. Bu infrastruktur daxilində fəal işləyən qurumlardan biri Bakı Fond Birjasıdır. Bu vaxtadək birjanın kotirovka vərəqəsinə səhmlər yalnız onların sahibləri olan fərdi şəxslərin müraciəti əsasında daxil olurdusa, indi birja ilə səhmdar cəmiyyətləri arasında əlaqə yaradılır və əsl korporativ bazarın təməli qoyulur.
İlk dəfə olaraq, özəlləşdirilmiş müəssisələrdən “Neftqazmaş” və “Təmirtikintineft-qazçıxarma idarəsi” açıq tipli səhmdar cəmiyyətləri öz təşəbbüsləri ilə səhmlərini fond birjasının kotirovka vərəqəsinə salmaqla satışa çıxarmışlar. Bu da onu göstərir ki, strateji özəlləşdirmə qiymətli kağızlar bazarının inkişafına təkan verməkdədir.
Adları çəkilən ATSC-lərin səhmləri birjanın brokeri olan “Mars İnvestment” şirkəti vasitəsilə birjanın ikinci səviyyəli kotirovka vərəqəsinə daxil edilmişdir. İyunun 12-də səhmlər ilə 224.000 manat həcmində alqı-satqı əməliyyatları aparılmışdır. Nəticədə “Neftqazmaş” ATSC-nın səhmləri üzrə kotirovka qiyməti 4000 manat səviyyəsində müəyyən edilmişdir.