ELM VƏ TƏHSİL
SUMQAYIT MƏKTƏBLƏRİNDƏ YENİ DƏRS İLİNƏ CİDDİ HAZIRLIQ GEDİR
Təhsil şöbəsinin müdiri Vidadi Bağırov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, məktəblərin yeni tədris ilinə hazırlanması məsələsi bu gün xüsusilə aktualdır. İndiyədək, adətən, təmir işlərini məktəblərə hamilik edən sənaye müəssisələri görürdü. Lakin Sumqayıt məktəblərində hələ builki qədər hərtərəfli və genişmiqyaslı təmir işləri aparılmamışdı.
Sumqayıt İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər təsərrüfatının bütün strukturlarından mütəxəssislərin daxil olduqları xüsusi komissiya yaradılmış, hamilik işlərinə sənaye müəssisələri ilə yanaşı, kommersiya qurumları və ayrı-ayrı biznesmenlər cəlb edilmişlər. Onların köməyi ilə təmirçi briqadaları yaradılmış, tikinti materialları alınmışdır.
Hazırda məktəblərdə təmir tam sürətlə gedir – zirzəmilər qurudulur, santexnika avadanlığı yeniləri ilə əvəz olunur, rəngsaz və tamamlama işləri aparılır. Üç məktəbdə yeni tədris korpusları tikilir. Yeni dərs ili başlananadək “Sumqayıt stansiyası” yaşayış massivində daha bir orta məktəb binası istifadəyə veriləcəkdir.