REGİONLAR
Saatlı rayonunda 50 çoxmənzilli bina əsaslı təmir ediləcək
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Saatlı rayonunun sosial-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklərin baş verdiyi bildirilir. Əsas kapitala yönəldilmiş vəsaitin 23,5 dəfə, o cümlədən tikinti quraşdırma işlərinin 27,4 dəfə artdığı, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlərin həyata keçirildiyi, Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı Kompleksi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Rəsm Qalereyası, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 2 yaşayış binasının inşa edildiyi, Rayon Mərkəzi Xəstəxanası və Mədəniyyət Mərkəzinin əsaslı təmir olunduğu, təhsil və digər sosialyönümlü obyektlərin istifadəyə verildiyi diqqətə çatdırılır. Həmçinin Saatlı şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulduğu, 29 kənddə sutəmizləyici qurğular quraşdırıldığı, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırıldığı, iri istehsal və emal müəssisələrinin yaradıldığı, 32 mindən çox yeni iş yerinin açıldığı, genişmiqyaslı abadlıq-quruculuq işlərinin görüldüyü bildirilir.
Saatlıda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə rayonun mənzil fonduna daxil olan 50 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə imzalanan Sərəncama əsasən rayonda çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Saatlı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.