REGİONLAR


Saatlıda 3335 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb

A+ A

Saatlı, 6 fevral, Mahir Babayev, AZƏRTAC

Ötən il Saatlıda ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 1,1 faiz artaraq 217328,1 min manat olub. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyanın həcmi 32712,8 min manat təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Saatlıda 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov məlumat verib.

Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarına və sosial-iqtisadi inkişafa həsr edilən sərgi ilə tanışlıq olub.

Yığıncaqda bildirilib ki, hesabat ilində rayonda geniş tikinti, abadlıq və quruculuq işləri aparılıb. Şəhərin küçə və prospektləri yenidən qurulub. Yollara asfalt örtüyü vurulub, səkilər yenilənib. Təhsil ocaqlarında, uşaq bağçası və körpələr evində əsaslı və cari təmir işləri görülüb. Park və xiyabanlarda eləcə də yol kənarlarında on minlərlə ağac və dekorativ gül kolları əkilib. Rayonun kənd və qəsəbə yollarında da təmir-bərpa işləri davam etdirilib. Ötən il tikintisinə başlanılan və 19 yaşayış məntəqəsini birləşdirən Sarıcalar, Qara Nuru, Şirinbəyli, Fətəlikənd və Azadkənd avtomobil yolunda son tamamlama işləri görülüb. Yolun alt hissəsi yenidən qurulub, asfalt örtüyü vurulub. Yeni yoldan 40 min nəfərdən çox kənd əhalisi istifadə edəcək.

Diqqətə çatdırılıb ki, rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında da davamlı inkişaf təmin olunub. Ötən il Saatlı respublika üzrə ən çox pambıq əkib və 12 min tondan çox məhsul tədarük edib. Bu il isə rayonda 17 min hektarda pambıq əkilməsi üçün hazırlıq işləri görülür və fermerlərlə müqavilələr bağlanılır. Kənd təsərrüfatının əsas sahələrindən olan taxılçılıqla yanaşı, baramaçılıq və bağçılığın da inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü işlər görülüb. Belə ki, baramaçılığın inkişafı məqsədilə ötən il rayon ərazisində 60 min tut tingi əkilib. 132 hektara yaxın sahədə nar bağı, 40 hektar sahədə isə üzümlük salınıb. Əkinçiliyi daha da inkişaf etdirmək məqsədilə 43 min 504 hektar qış otlaq sahəsinin 3335 hektarı əkin dövriyyəsinə qatılıb.

Yığıncaqda rayonda yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qarşıda duran vəzifələr də ətraflı təhlil edilib.

Milli Məclisin üzvləri Əhliman Əmiraslanov, Əflatun Amaşov və Prezident Administrasiyasının məsul əməkdaşı İbrahim Mustafayev hesabat yığıncağında çıxış edərək, dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb, görüləcək işlərdən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.