REGİONLAR
Saatlıda 4 min ədəd yeni tut tingi əkilib
Saatlı, 11 dekabr, Mahir Babayev, AZƏRTAC
Saatlıda Çin Xalq Respublikasından ölkəmizə gətirilən, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yetişdirilən 4 min ədəd tut tingi əkilib.
Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini icra edən Ağa Əsədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əkilən tut tinglərinin 2 min ədədi Çin Xalq Respublikasından, 2 mini isə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınıb.
Tinglərdən 3 min ədədi rayon meşə meliorasiya idarəsinin kollektivi tərəfindən rayonun Əlisoltanlı, min ədədi isə fermer Sabir Bədəlov tərəfindən Genişkənd kəndi ərazisində əkilib.
Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, gübrə verilib. Tut bağlarının uzunmüddətli yetişdirilməsi üçün dayanıqlı su təminatı nəzərdə tutulub.
Qeyd edək ki, ötən il rayonda 60 min ədəd tut tingi əkilib.